AZ

Dəhlizə erməni hərbçilər ilə rus sərhədçilərinin nəzarət etməsini istəmirik - MÜSAHİBƏ

BAKI, 25 iyul. TELEQRAF

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Elxan bəy, ABŞ Prezidenti Donald Trampın Azərbaycanla Ermənistan arasında sülh prosesinə dair verdiyi müsbət açıqlamalar fonunda Ağ Ev rəhbəri Prezident İlham Əliyevin Xankəndidə forumdakı çıxışını özünün sosial meda hesabında paylaşıb. Vaşinqtonun Cənubi Qafqaza xüsusən də Bakı ilə İrəvan arasında sülh danışıqlarına artan marağı nə ilə bağlıdır?

- Cənubi Qafqaz hər zaman ABŞ-nin marağında olub. Keçmiş SSRİ dağıldıqdan sonra bu diqqət daha da artıb. Mərkəzi Asiya ilə bağlı ABŞ və Avropanın xüsusi platforması var. Bu “5+1” platformasıdır ki, burada beş Mərkəzi Asiya ölkəsi ilə yanaşı, bir Avropa ölkəsi və yaxud Amerika iştirak edir. Bu xüsusda Ağ Evin Cənubi Qafqaz ölkələri Azərbaycan, Gürcüstan və Ermənistanla xüsusi əlaqələri mövcuddur. Zaman-zaman ABŞ-la Azərbaycan arasında müəyyən durğunluq yaşanıb. Prezident İlham Əliyev də bildirdi ki, bu ABŞ-nin sabiq prezidenti Cozef Baydenin dönəmində özünü daha çox biruzə verib. Yeni ABŞ administrasiyası dövründə, yəni, Donald Trampın dönəmində Azərbaycanla əlaqələrə xüsusi önəm verilir. Prezident İlham Əliyev Xankəndidəki Qlobal Forumda da bəyan etdi ki, Trampla çox isti münasibətlər var. Təsadüfi deyil ki, Tramp İlham Əliyevin bu fikirlərini özünün sosial media hesabında paylaşıb. Sözsüz ki, Trampın bölgəyə bu qədər maraq göstərməsi də təsadüfi deyil. Çünki o harada uğur varsa ora maraq göstərir. ABŞ Dövlət Departamenti də hesab hazırlayıb ki, Azərbaycanla Ermənistan arasında danışıqlar sürətlə irəliləyir, sülh sazişinin imzalanması ehtimalı var. Tramp bu məsələdə özlərinin müəyyən qədər əməyinin olduğunu iddia edərək, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyir.

- Region ölkələrinin Ağ Evin bölgədə təsir imkanlarını genişləndirməsinə münasibəti necə olacaq?

- Eyni yanaşmanı Rusiya və İrandakı sovinist dairələr haqqında söyləmək mümkün deyil. Onlar bütün bu planların əksinə Cənubi Qafqazda təsir imkanlarını saxlamaq istəyirlər. Amerikanın isə belə bir dərdi yoxdur. Ağ Ev Cənubi Qafqazda münaqişə istəmir. Onlar bölgədə sülhün, əməkdaşlığın olmasını arzulayırlar. Bu həm də Azərbaycanla Ermənistanın maraqlarının üst-üstə düşməsi deməkdir. Sülhün yaranması və bölgədə kommunikasiya xəttlərinin açılması bu gün gündəmdə olan əsas mövzulardan biridir. Bunun fonunda Cənubi Qafqaz Evinin qurulması ilə bağlı təkliflər var.

- Zəngəzur dəhlizinin ABŞ-nin hansısa şirkətinin icarəsi əsasında açılması məsələsi də gündəmə gətirilib. Ermənistan tərəfi ilkin olaraq bunu təkzib etsə də, Baş nazir Nikol Paşinyan bir müddət öncə buna oxşar mövqedən çıxış etmişdi. Dəhlizin icarə əsasında açılmasının diplomatik və hüquqi mexanizmləri necə müəyyənləşəcək?

- Açıq demək lazımdır ki, biz dəhlizə erməni hərbiçilərinin və rus sərhədçilərinin nəzarə etməsini istəmirik. Bunun xaricində digər təklifləri öyrənə bilərik. Hətta bəzilərinə müsbət də yanaşmaq olar. Ona görə də Prezident İlham Əliyev bu məsələyə qarışmadı və bildirdi ki, bu Ermənistanın məsələsidir. Amma yenə də Ermənistan dəhlizə nəzarət etsə, bu Azərbaycanın maraqlarına uyğun deyil. Çünki dəhlizdən keçəcək Azərbaycan vətəndaşlarını ermənilərin yoxlaması arzu olunmur. Rus sərhəçilərinin də bu yoxlamada iştirakı istənilmir. Avropanın və yaxud ABŞ-nin hansısa şirkətinin burada iştirakını araşdırmaq olar. Amerikanın Türkiyədəki səfiri Tomas Barrak bu təklifi səsləndirdikdən bir gün sonra Ermənistanın Xarici İşlər Nazirliyi bunu təkzib etdi. Azərbaycan Xarici İşlər Nazirliyi isə bu mövzu ilə bağlı heç bir açıqlama verməyib.

Seçilən
29
teleqraf.com

1Mənbələr