AZ

Almaniya Fələstin dövlətini tanımağı planlaşdırmır

Fransa Prezidenti Emmanuel Makronun “Fələstini bir dövlət kimi tanıyacaqlarını” açıqlamasından sonra Almaniya hökumətinin sözçüsü Stefan Kornelius qısa müddətdə Fələstin dövlətini tanımağı planlaşdırmadıqlarını bəyan edib.

“Cebheinfo.az” xəbər verir ki, Kornelius bu barədə Yaxın Şərqdəki vəziyyətlə bağlı yaydığı yazılı açıqlamada məlumat verib.Almaniya hökumətinin mövqeyini ifadə edən Kornelius bildirib ki, yalnız danışıqlar yolu ilə əldə ediləcək iki dövlətli həllin həm İsrail, həm də Fələstin üçün davamlı sülh və təhlükəsizliyi təmin edə biləcəyinə inanırlar:

“Almaniya, Fələstin dövlətinin tanınmasını iki dövlətli həll prosesinin son mərhələsi kimi görməyə davam edir. İsrailin təhlükəsizliyi Almaniya hökuməti üçün daha üstün əhəmiyyət daşıyır. Bu baxımdan, yaxın gələcəkdə Fələstini tanımaq planımız yoxdur”.

Kornelius Qəzzada dərhal atəşkəsə ehtiyac duyulduğunu vurğulayıb və Almaniya vətəndaşlarının da daxil olduğu girovların azad edilməsinin vacibliyini qeyd edib.HƏMAS-ın silahsızlaşdırılmalı olduğunu bildirən hökumət sözçüsü əlavə edib: 

“İsrail, Qəzzada hökm sürən fəlakətli humanitar vəziyyəti dərhal və effektiv şəkildə yaxşılaşdırmalı, əziyyət çəkən mülki əhaliyə təcili və zəruri humanitar yardım çatdırmalıdır”.

O, eyni zamanda, müvəqqəti atəşkəsin davamlı sülhə çevrilməsi üçün Qəzzada dayanıqlı siyasi perspektivin formalaşdırılmasının vacibliyinə diqqət çəkib:

“İordan çayının qərb sahilinin ilhaqına yönələn hər hansı əlavə addım atılmamalıdır”.Kornelius Almaniya hökumətinin İsrail və beynəlxalq tərəfdaşlarla daimi təmasda olduğunu qeyd edərək bildirib ki, əgər Qəzza məsələsində irəliləyiş əldə olunmasa, rəsmi Berlin təzyiqləri artırmağa hazırdır.

Sonda Kornelius vurğulayıb ki, sivil əhalinin əzablarının sona çatması, iki dövlətli həll və nəticə olaraq Yaxın Şərqdə davamlı sülhün təmin olunması üçün bu addımlar zəruridir.

O, həmçinin əlavə edib ki, Almaniya bu məsələdə Fransa, Böyük Britaniya və regionun digər tərəfdaşları ilə eyni mövqedədir:

“Almaniya hökuməti Fələstinin dövlətə çevrilməsi üçün zəruri şəraitin yaradılmasına dəstəyini davam etdirir. Fələstini tanımaq məsələsində zamanlama ilə bağlı fikir ayrılıqları olsa da, bu mövqe qüvvədə qalır”.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron dünən “X” (keçmiş Twitter) sosial şəbəkəsindəki paylaşımında Fələstin dövlətini tanımaq qərarı aldıqlarını və bu barədə rəsmi açıqlamanın sentyabr ayında keçiriləcək BMT Baş Assambleyasında veriləcəyini bildirib.

Makronun qərarına ABŞ və İsraildən sərt reaksiya gəlsə də, İordaniya, Səudiyyə Ərəbistanı və İrlandiya bu addımı məmnunluqla qarşılayıblar.

Seçilən
53
cebheinfo.az

1Mənbələr