AZ

Psixoloq: Belə faciələr baş verdikdə “uşaq niyə belə etdi?” sualının əvəzinə “biz bu uşağın yanında niyə olmadıq?” deməliyik

Goranboyda 15 yaşlı oğlan anasını və nənəsini qətlə yetirib. İyulun 25-də saat 02 radələrində Goranboy rayon sakinləri 1978-cı il təvəllüdlü Lalə İsmayılova və 1948-cil il təvəllüldlü Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla 2010-cu il təvəllüdlü R.Həsənovun (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Psixoloq Esmira Əliyeva Demokrat.az-a açıqlama verib. 

O deyib ki, Goranboyda 15 yaşlı yeniyetmənin anasını və nənəsini qətlə yetirməsi ictimaiyyət üçün şok yaratsa da, bu kimi faciələrin kökündə çox zaman illərlə yığılan psixoloji və sosial problemlər dayanır:

“Belə bir ağır hadisə bir uşağın anidən azğınlaşması deyil, uzun müddət ərzində formalaşan emosional zədələrin və cəmiyyətin laqeydliyinin nəticəsi ola bilər. Bu yaş dövrü yəni yeniyetməlik emosional sabitliyin zəif, şəxsiyyətin hələ tam formalaşmadığı, psixoloji gərginliklərin maksimum həddə çatdığı bir mərhələdir. Əgər belə bir dövrdə uşaq sevgi və dəstək əvəzinə zorakılıq, laqeydlik, anlaşılmazlıq və təzyiqlə qarşılaşırsa, o zaman bu emosiyalar aqressiyaya və şiddətə çevrilə bilər. Hadisə onu da göstərir ki, ailə daxilində yaranmış münaqişələr və ya davamlı emosional təzyiq psixoloji travmalara gətirib çıxara bilər. Digər tərəfdən, sosial mühitin məktəbin, qonşuların, psixoloji xidmətlərin, cəmiyyətin özünün bu gəncə zamanında yardım edə bilməməsi də faciənin qarşısını almağa mane olub. Yeniyetmələr bu gün virtual mühitdə aqressiyanı tez-tez görür, zorakılığı adi bir davranış forması kimi qəbul etməyə başlayırlar. Ailədən və məktəbdən yetərli yönləndirmə almadıqda bu davranışlar gerçək həyata keçir. Bu cür hadisələr tək bir fərdin deyil, bütün cəmiyyətin probleminə çevrilməlidir. Belə faciələr baş verdikdə “uşaq niyə belə etdi?” sualını verməklə yanaşı, “biz bu uşağın yanında niyə olmadıq?” sualını da düşünməliyik”.

Leyla Turan 
Demokrat.az
Seçilən
51
demokrat.az

1Mənbələr