AZ

Mütəxəssis: Bu səbəbdən qadınların İKT-yə daxil olması artıq seçim deyil, strateji zərurətdir

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “İKT-də Qadınlar” layihəsi çərçivəsində keçirilmiş “Rəqəmsal Sahibkarlıq” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində deyib ki, Qadınların iştirak etdiyi startap komandaları daha uğurlu olur, onların İKT sektorunda iştirakı bir seçim deyil, zərurətdir. Buna baxmayaraq, bu sahədə qadınların sayı azdır.

Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov deyib ki, qadınların İKT sektorunda iştirakının aşağı olmasının səbəbləri kompleksdir və əsasən sosial stereotiplərdən başlayır:

“Uşaq yaşlarından qızlara texnologiya və mühəndislik sahələrinin "kişilərə məxsus" sahələr kimi təqdim olunması onların bu istiqamətə marağını məhdudlaşdırır. Eyni zamanda, cəmiyyətimizdə qadın texnoloq və ya startap qurucusu obrazları kifayət qədər görünmür. Bu isə gənc qızların özlərini bu rollarda təsəvvür etmələrini çətinləşdirir. Buna baxmayaraq, Azərbaycanda İKT sahəsinin müxtəlif peşə istiqamətlərində fəaliyyət göstərən peşəkar qadın mütəxəssislər mövcuddur və onlar bu sahədə uğurlu karyeralar quraraq əhəmiyyətli layihələrə imza atırlar. Bu müsbət nümunələr göstərir ki, düzgün təşviq və imkanlar yaradıldıqda qadınların bu sahəyə inteqrasiyası tamamilə real və faydalıdır. Hesab edirəm ki, vəziyyəti dəyişmək üçün ilk növbədə maarifləndirmə işləri genişlənməli, qadınlar üçün mentorluq və təqaüd proqramları gücləndirilməli, eləcə də uğurlu yerli qadın texnologiya liderləri cəmiyyətə daha çox tanıdılmalıdır. İKT sektorunda qadınların iştirakı bir sosial bərabərlik məsələsi olmaqla yanaşı, həm də iqtisadi və innovativ inkişaf üçün vacib faktordur. Gender balansına malik komandalar daha effektiv qərarlar verir və daha dayanıqlı nəticələr əldə edir. Bu səbəbdən qadınların İKT-yə daxil olması artıq seçim deyil, strateji zərurətdir”.

Leyla Turan
Demokrat.az
Seçilən
27
1
demokrat.az

2Mənbələr