525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Aysel XANLARQIZI SƏFƏRLİ
Yazıçı-publisist Bahəddin Həzi ədəbiyyat aləminin sözə böyük ehtiramla, həssaslıqla yanaşan insanlarından biridir... Onu oxuyarkən gah rəssama, gah musiqiçiyə, gah da duyğuların görüntüsünü ustalıqla yaradan bir sənətkara bənzədirəm.
Onun yaradıcılığı rənglidir və o rənglər insanı düşündürür, insan təxəyyülündə canlanan tabloya həssas çalarlarla toxunuşlar edir, nəticədə gözlərimizin önündə sözün ən əsrarəngiz, ən füsunkar tablosu yaranır.
Onun yaradıcılığını oxuyarkən qulaqlarımızda, arxa fonda dünyanın güclü bəstəkarlarının yaratdığı simfoniyalar, mədəniyyətimizə zərif toxunuşlar edən muğam səsi, insanı özündən qoparıb sehrli bir məkanda yalnız özüylə baş-başa qoyan və ən xoş duyğuların saçlarını tumarlayan həzin musiqilər səslənir..." Göyün cazibə qüvvəsi" insanı özünə cəzb edərək sözün cazibə qüvvəsinə təslim olur.
Bu təslimiyyət onun da dediyi kimi, cəmiyyətdən yorulanda gedib təbiətdə durulub yenidən qayıtmağa bənzəyir. Gözəl sözə qayıtmaq, sözdə dincəlmək, sətirlərdə coşan ilhamını dördnala çapdırıb xoş bir yorğunluqla masa arxasında duyğularının əlini sıxmaq kimi...
Onun da dediyi kimi, başqa sözlə, "biz Allahın yaradıcı gücüyük və insan Allaha inandığı kimi, Allah da insana inanıb". Və söz adamlarının gücü də beyninin ən həssas nöqtələrindən süzülüb gələrək barmaqlarının ucunda birləşmişdir... "Göyün cazibə qüvvəsinin" təsiri ilə insanın ən ali, ən içdən duyğularını kainata yüksək enerji ilə göndərən yazıçı, ən güclü fikirlərini barmaqlarının ucunda toplayan kunq-fu ustası kimi bir zərbə ilə dəmiri deşmək bacarığına sahib olduğutək, İlahi vergi sayılan bədii enerjisi ilə, ən güclü duyğuları ilə oxucu, insan ruhuna, qəlbinə, hisslərinə yol tapır.
Bahəddin Həzinin yaradıcılığını oxuyanda bəzən sətirlər içində sözün yaxşı mənasında itib batıram, sonra isə ən yaxşı formada özümü tapıb ayağa qalxıram, onun fikirləri əllərini uzadıb insanı yerdən qaldırır, yenidən möhkəm addımlarla irəliləməyə kömək edir... Burada yenidən düşüncənin və sözün gücü özünü ən gözəl şəkildə isbat edir. İllər öncə yazdığım "Yoxluğunun cazibə qüvvəsi" kitabımı xatırlayıram, illər sonra o yazdığım şeirin cavabını və ən gözəl izahını "Göyün cazibə qüvvəsində" görürəm... Onun yazdığı yazılarda özümü tapan həssas bir oxucu kimi ruh doğmalığının da şahidi oluram. Duyğuların reinkarnasiyası "Göyün cazibə qüvvəsində" kamilləşir.
Yazıçı hisslərinin müəyyən bir hissəsi ruhən yerdəyişmə edərək bizdə - onların zərrələrində təkrar ədəbi qayıdış edir...
Özü dediyi kimi, mesaj O-ndan gəlir, əlbət!
Bahəddin bəyin düşündüyü kimi, nə zamansa bizlər - ədəbiyyat insanları fikrən, ruhən haradasa qarşılaşmışıq və o düşüncənin gücü barmaqlarımıza nə zamansa eyni anda eyni insan halını yazmaq əmri vermişdir...
"Ayrılıq - birlikdəliyin çatlarına - birlikdə olan insanların arasına sızan zamanın adıdır" - deyir Bahəddin Həzi, "Ölüm isə insanın həmişəlik ayrılıq ehtiyacıdır".
Yer üzündə əbədi yaşayacaq olan isə gözəl sözdür, o söz ki, tarix boyu doğru deyildiyi zaman möcüzəvi gözəlliklərinin yaranmasına səbəb olub, ağızdan yanlış çıxdığı zaman isə bəzən bütün doğruların əzilməsinə, böyük yanlışlıqlara səbəb olmuşdur.
Sözünüz kəsərli olsun, ilhamınız tükənməsin! Mesaj O-ndan gəlib! Yazın-yaradın!
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.