Hazırda “AzerGold” QSC Azərbaycanda geoloji kəşfiyyat proqramlarına dəstək verərək, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə əməkdaşlıq edir.
Bu sözləri “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Naxçıvan şəhərində muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda deyib.
Onun sözlərinə görə, səhmdar cəmiyyət dövlət sifarişi əsasında Şərqi Zəngəzur, Gəncə-Daşkəsən iqtisadi rayonları və əlbəttə ki, Naxçıvanda müasir tədqiqat üsulları – hiperspektral peyk çəkilişləri və aeroelektromaqnetik metodlarla geoloji tədqiqatlar həyata keçirir: “Bu texnologiyalar hasilata qədərki mərhələdə xərcləri azaldır, geoloji kəşfiyyat işlərinin dəqiqliyini və sürətini artırır. Qeyd etdiyim tədqiqatlar nəticəsində sadaladığım ərazilərin perspektivləri müəyyən olunacaq. 2026-cı ildə tədqiqat sahələrinin İlkin qiymətləndirilməsinin aparılaraq, kəşfiyyat proqramın yekunlaşdırılması nəzərdə tutulub”.
O bildirib ki, işlərin nəticəsi olaraq ölkə ərazisinin Kiçik Qafqaz hissəsinin vahid hiperspektral xəritələnməsi tamamlanacaq: “Toplanmış geoloji məlumatlar ölkənin dağ-mədən sahəsində malik olduğu bütün potensialı haqqında dəqiq təsəvvür yaradacaq. Bu, dövlətimizə perspektivli sahələrdə işə başlanılması ilə bağlı müvafiq qərarların verilməsinə imkan yaradacaq. Nəticədə, ölkə iqtisadiyyatının inkişafı naminə yeni dağ-mədən layihələrinə investorların və ya yaxud milli operator şirkəti qismində “AzerGold” QSC-nin cəlb edilməsinə zəmin yaradılacaq”.