525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ərəb mediasında Bakıda İsraillə Suriya arasında danışıqların keçiriləcəyi barədə məlumat yayılıb. Azərbaycan bundan əvvəl də Suriya və İsrail arasında birbaşa danışıqlar üçün platforma təmin edib. Belə ki, bir müddət əvvəl İsrailin milli təhlükəsizlik müşaviri Tsaxi Xaneqbi ilə Suriya xarici işlər naziri Əsəd əş-Şeybani arasında danışıqlar Bakıda baş tutub.
Mövzunu 525.az-a şərh edən Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, son vaxtlar Azərbaycanın siyasətinin sürətli bir formada daha geniş regionları əhatə etdiyinin şahidiyik. Bu gün Azərbaycan Yaxın Şərqdədir, bu gün ölkəmiz eyni zamanda, Afrikadadır və Bakı bu siyasəti uğurla yerinə yetirir.
“Azərbaycan, həmçinin müxtəlif dövlətlərin arasında münaqişələrin həllinə töhfə verən ölkəyə çevrilib. Dövlətimiz özünün vasitəçilik missiyasını bütün istiqamətlər üzrə uğurla icra edir və həyata keçirir. Bu istiqamətdə davamlı addımların atıldığının, çox mühüm səylərin göstərildiyinin şahidiyik. Bu səylər zamanında Türkiyə ilə Rusiya arasında əməkdaşlığa öz töhfəsini verdi. Türkiyə və Rusiya arasında mövcud konflikt həll olundu. Vaxtilə Azərbaycan eyni zamanda, Türkiyə ilə İsrail arasnda proseslərə də öz töhfəsini verib. Yəni, Azərbaycan hazırda da bu missiyanı uğurla yerinə yetirir”, - deputat söyləyib.
Əlavə edib ki, bu gün ölkəmiz aralarında dərin konflikt olan Suriya və İsraillə bağlı da eyni missiyanı yerinə yetirir. Suriya-İsrail münaqişəsinin həllinə öz töhfəsini verir. Prosesin daha da irəli aparılması üçün müxtəlif addımlar atır və tədbirlər həyata keçirir:
“Artıq bir neçə gündür Bakıda İsraillə Suriya arasında danışıqların aparılacağına dair məlumatlar yayılır. Bu siyasətin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın Yaxın Şərqdə də nüfuzu artır, Afrikada da bu işlər görülür. Azərbaycan artıq Suriyaya qaz satır, investisiya yatırmağı planlaşdırır. Bütün bunlar ona yönəlib ki, ölkələr arasında əlaqələr daha da inkişaf edəcək və Azərbaycanın vasitəçilik missiyası günü-gündən daha da güclənəcək. Bu isə iki dövlət arasında münaqişənin həllinə də öz töhfəsini verəcək”.
Pərvanə Sultanova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.