AZ

Paşinyan: Ermənistan iqlim dəyişikliyinin fəsadlarını ciddi şəkildə hiss edir – ÖZƏL

Ermənistanın Baş naziri Nikol Paşinyan Altayda keçirilən Beynəlxalq Ekoloji Konfransda iştirak edib. Tədbirdə Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus, Tacikistan, Özbəkistan və Türkmənistanın hökumət başçıları da yer alıb. 

Olaylar.az xəbər verir ki, Paşinyanın çıxışının tam mətni Ermənistan Baş nazirinin aparatının yaydığı məlumat əsasında "Armenpress" agentliyi tərəfindən dərc olunub.

Baş nazir çıxışında bildirib ki, Ermənistan ərazisinin 80%-i yüksək dağlıq bölgələrdən ibarətdir və ölkə müxtəlif iqlim qurşaqları ilə fərqlənir. Onun sözlərinə görə, Ermənistan az karbon emissiyasına malik olsa da, iqlim dəyişikliyinin təsirlərini ən kəskin şəkildə yaşayan ölkələrdən biridir. "Quraqlıqlar, daşqınlar, torpaq sürüşmələri, su çatışmazlığı, meşə örtüyünün azalması - bütün bunlar bizim reallığımızdır", - deyə o bildirib.

Paşinyan qeyd edib ki, hökumət 2022-2026-cı illəri əhatə edən su resurslarının iqlimə uyğunlaşdırılması proqramını təsdiqləyib, həmçinin yeni "İqlim haqqında" qanun layihəsi hazırlanıb. O, Ermənistanın dağlıq ölkələr üzrə BMT çərçivəsində əməkdaşlıq təşəbbüslərinə fəal dəstək verdiyini və bu istiqamətdə tərəfdaşlığa hazır olduğunu vurğulayıb.

Baş nazir, həmçinin, Ermənistanın 2026-cı ilin oktyabrında Bioloji Müxtəliflik üzrə Tərəflər Konfransının (COP17) ev sahibi olacağını xatırladıb və dost ölkələrin nümayəndə heyətlərini bu tədbirdə iştiraka dəvət edib. Paşinyan, Ermənistanın konfransda konstruktiv dialoqun aparılması və balanslaşdırılmış qərarların qəbulu üçün səylə çalışacağını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
olaylar.az

1Mənbələr