AZ

Politico: Avropa liderləri İrana sanksiya hədələri ilə "ictimaiyyətə oynayır" - ÖZƏL

Avropa ölkələrinin İrana qarşı BMT Təhlükəsizlik Şurasının sanksiyalarını bərpa etməyə imkan verən "snapback" mexanizmindən istifadə edəcəklərinə dair hədələri, əslində, Avropanın gücünü nümayiş etdirmək istəyindən irəli gəlir. Olaylar.az xəbər verir ki, bu barədə Avropanın nüfuzlu nəşrlərindən biri olan Politico yazır.
Nəşrin fikrincə, Böyük Britaniya, Almaniya və Fransadan ibarət "Avro-troykanın" İrana qarşı sərgilədiyi aqressiv ritorika həm yanlış, həm də ikiüzlüdür. Çünki İslam Respublikası - ABŞ və Aİ-dən fərqli olaraq - Birləşmiş Hərtərəfli Fəaliyyət Planının (BHFP) şərtlərinə sadiq qalmışdı. İran bu öhdəlikləri yalnız nüvə obyektlərinə qarşı diversiyalar, nüvə fiziklərinin qətli və Avropa ölkələrinin öz üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi fonunda tədricən məhdudlaşdırmağa başlamışdı.
Politico qeyd edir ki, Avropa İttifaqı Tehranla dialoqu inkişaf etdirmək əvəzinə, vəziyyəti daha da gərginləşdirir və bununla da öz beynəlxalq imicinə zərər vurur. Nəşr bildirir ki, "snapback" mexanizmini işə salmaq cəhdləri Avropa ölkələrinin İranın nüvə proqramına qarşı siyasi motivasiyalı münasibətini açıq şəkildə nümayiş etdirir.
Qeyd edək ki, 21 iyulda İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai avqustun 25-də İstanbulda Avropa üçlüyü ilə İranın nüvə proqramı ətrafında fikir ayrılıqlarının həllinə dair danışıqların yeni raundunun keçiriləcəyini açıqlayıb. Görüş xarici işlər nazir müavinləri səviyyəsində baş tutacaq.
Bundan əvvəl Axios portalı mənbələrə istinadla yazmışdı ki, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişini yekunlaşdırmaq üçün avqustun sonunu son tarix kimi qəbul ediblər. Əks halda, "Avro-troyka" Tehrana qarşı sanksiyaları bərpa etmək üçün "snapback" mexanizmini işə salmağı planlaşdırır.
Xatırladaq ki, 2015-ci ildə İran, Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ və Fransa BHFP-ni imzalayaraq 2002-ci ildən bəri davam edən nüvə böhranına son qoymuşdular. Lakin 2018-ci ildə ABŞ prezidenti Donald Tramp bu razılaşmadan çıxdığını elan etdi və İrana qarşı bütün sanksiyaları bərpa etdi. Cavab olaraq, İran 2020-ci ildə BHFP öhdəliklərini azaltmaq və Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişlərinin nüvə obyektlərinə girişini məhdudlaşdırmaq qərarına gəldi. 2025-ci ildə İranla ABŞ arasında keçirilən beş danışıqlar raundu nəticə vermədi - bu da İsrailin İrana qarşı hərbi əməliyyata başlaması və ABŞ ordusunun İran nüvə obyektlərinə zərbələr endirməsi ilə bağlı idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
37
50
olaylar.az

10Mənbələr