Azərbaycan mediasının dünyanın qalan heç bir ölkəsi üçün spesifik olmayan və bizim üçün ən başlıca sayılan milli bir missiyası var- “Həqiqətsonrası bərpa olunmuş həqiqətləri” yerli və beynəlxalq ictimaiyyətə çatdırmaq!
Bu missiyanı daha məhsuldar və daha səmərəli şəkildə necə yerinə yetirə bilərik?
Suala cavab arayarkən istər-istəməz Prezident İlham Əliyevin söz açdığı “intellektual media” məfhumunu yada salmalı oluruq.
Terminin məğzinə nəzər salmazdan öncə deyim ki, jurnalistika cəmiyyətin informasiya ehtiyaclarını qarşılamaqla yanaşı, onun intellektual potensialından qidalanır. Başqa sözlə, media cəmiyyətin ideyalarını, biliklərini və düşüncə məhsullarını mənimsəyərək onları kütləvi auditoriyaya yenidən təqdim edir. Bu səbəbdən jurnalistikanın əsasını təşkil edən informasiya daim yenilənməli, zənginləşməli, cəmiyyətin intellektual səviyyəsini əks və inkişaf etdirməlidir.
Rusiyanın sosial fəlsəfə sahəsində tanınmış isimlərindən olan Vladislav Kelle "intellektual potensial" anlayışını yalnız elm və təhsillə deyil, həm də texnologiya, ümumilikdə isə, bütün düşüncə fəaliyyətləri ilə əlaqələndirirdi. Alimin fikrincə, cəmiyyətin intellektual potensialı- cəmiyyətin yenilik yarada bilmək qabiliyyətidir. Məhz bu qabiliyyətlər sayəsində mövcud problemləri həll etmək, tarixi inkişaf prosesinə yeni dinamikalar əlavə etmək və gələcəyə doğru irəliləyişə zəmin yaratmaq mümkündür. Onun yanaşması bir də buna görə aktualdır ki, qloballaşma dövründə informasiyanın həcmi kəskin artıb, ictimai məzmunundan və bilik səviyyəsindən asılı olmayaraq, hər bir fərd özünün yaratdığı xəbəri tirajlamaq imkanı əldə edib. Bəli, bu, bir reallıqdır və bu reallıqda, zənnimcə, jurnalistikanın əsas vəzifəsi odur ki, kütləvi auditoriya ilə cəmiyyətin yenilənən intellektual potensialına söykənən innovativ resurslar arasındakı ziddiyyəti aradan qaldırsın.
Bəs, bu ziddiyyəti- yəni, real informasiya ilə intellektual ehtiyaclar arasında olan boşluğu- necə aradan qaldırmaq olar?
Bunun üçün ilk növbədə jurnalistikanın öz funksiyalarını genişləndirməsi vacibdir. Öz funksiyalarını genişləndirmiş jurnalistika- bax, bu artıq intellektual mediadır. Ənənəvi xəbərçilik görəvi ilə kütləyə yönəlmiş informasiya istehsalının fövqünə qalxan, ictimaiyyət yaradan, milli düşüncə sahəsində ciddi bir transformasiya vasitəsinə çevrilən media. Eyni zamanda həm Kütləvi İnformasiya Vasitəsi, həm də Kütləvi Transformasiya Vasitəsi olan intellektual media - zəkaya, analitik düşüncəyə söykənən, dərin və səviyyəli məzmun təqdim edən, faktlara və arqumentlərə əsaslanan bir ictimai fikir müəssisəsidir. Analitika üzərində qurulmuş ictimai və milli fikir müəssisəsi, ötən yazımızda da vurğuladığımız kimi, həqiqətsonrası çağda həqiqəti yenidən kontekstləşdirməlidir.
Analitik media üçün xəbər - kontekst - interpretasiya - nəticə zənciri vacibdir. Bunu hamımız bilirik. İntellektual media bu ardıcıllıqda hər bir mərhələni intellektual emal prosesi kimi qəbul edir. Bu emal Azərbaycan cəmiyyəti üçün həyati əhəmiyyət daşıyır. Post-konflikt dövrünün problemləri, tarixi transformasiyanın məsuliyyəti, milli təhlükəsizlik çağırışları qarşımıza Azərbaycan auditoriyasını, sadəcə, xəbərlə təmin etmək vəzifəsi qoymur. Məsələlərin arxa planını, əsaslarını və məntiqini, mümkün nəticələrini izah etməyə təlabat var. İntellektual media bu tələbatı qarşılayaraq cəmiyyətin strateji düşüncə bacarığını gücləndirir.