Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin I yarısında Azərbaycan xarici ölkələrlə 24 milyard 400 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Bu, ötən ilin eyni dövrünə nisbətən 12,1 % çoxdur. Xarici ticarət dövriyyəsinin 12 milyard 878 milyon ABŞ dolları ixracın, 11 milyard 522 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2 % az, idxal isə 29,9 % artıb. Son nəticədə xarici ticarətdə 1 milyard 356 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3 dəfə azdır.
Maraqlıdır, müsbət saldonun azalmasının iqtisadiyyatımıza hansı yan təsirləri ola bilər?
Pərviz Heydərov: “Müsbət saldonun 3 dəfə azalması xarici ticarət dövriyyəmizin zəifləməsinə işarədir, bu da ölkədə makro iqtisadi sabitlik üçün…”
Iqtisadçı ekspert Pərviz Heydərov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, xarici ticarət dövriyyəsi iqtisadiyyatda real vəziyyəti göstərir: “İqtisadiyyatın real durumunu göstərən əsas indikatorlardan biri xarici ticarət dövriyyəsi – idxal və ixrac əməliyyatlarıdır. Tədiyyə balansını da əsasən məhz bu göstərici müəyyən edir. Və ümumiyyətlə, hər bir ölkə iqtisadiyyatında hər şey həmin ölkənin məhz nəyi alıb, nələri satması ilə və nə qədər alıb, nə qədər satması ilə ölçülür. Çox şeyi məhz bu müəyyən edir və real iqtisadi gücü də məhz bu amil təzahür etdirir.
Xarici ticarətdə müsbət saldonun olmasıölkənin valyuta ilə təminatı baxımından müsbət haldır. Ancaq ötən illə müqayisədə müsbət saldonun 3 dəfə azalması xarici ticarət dövriyyəmizin zəifləməsinə işarədir, bu da ölkədə makro iqtisadi sabitlik üçün ciddi təhlükə mənbəyidir. Bu səbəbdən də xarici ticarət dövriyyəsinin 3 dəfə azalması faktı ciddiyə alınmalıdır”.
Natiq Cəfərli: “Müsbət saldonun 3 dəfə azalmasının əsas səbəbi neftin hasilatı və ixracın azalması ilə bağlıdır”
İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, müsbət saldonun 3 dəfə azalmasının əsas səbəbi neftin hasilatı və ixracın azalması ilə bağlıdır: “Neftin dünya bazarındakı qiyməti də stabil deyil. Hazırda bir barrelin qiyməti 70 dollara yaxındır. Beləcə həm neftin hasilatının azalması, həm də qiymətin heç də yüksək olmaması bizim ixracatdan gələn əsas gəlirlərimizə təsir edir. Neftdən gələn gəlir azaldıqca, müsbət saldo da azalır. Üstəlik, idxaldan asılılığımız o qədər çoxdur ki, müsbət saldo getdikcə azalır. Müsbət saldonun azalması istər-istəməz ölkə iqtisadiyyatına təsir edəcək. Əsasən, ölkədən valyuta çıxışının həcmi artacaq. Çalışmaq lazımdır ki, yerli istehsalı artırmaqla idxaldan asılılıq minimuma endirilsin”.
Günel CƏLİLOVA