AZ

Paşinyan belə təcili Altaya niyə gedib?..


Məhəmməd Əsədullazadə: "Rusiyanın seçkiqabağı kilsəyə və müxalifətə ardıcıl şəkildə dəstək verməsi Nikol Paşinyanı ciddi narahat edir"

İyulun 24-də Ermənistanın baş naziri Nikol Paşinyan iki günlük işgüzar səfərlə Rusiya Federasiyasına gedib.

Baş nazirlikdən verilən məlumata görə, Paşinyan təbiətin və ətraf mühitin mühafizəsinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib. Konfrans Altay Respublikasında keçirilir.

Ermənistanla Rusiya arasında münasibətlərin gərgin olduğu bir vaxtda Nikol Paşinyanın Altayda keçirilən, o qədər də siyasi və iqtisadi yük daşımayan ətraf mühittin qorunması ilə bağlı beynəlxalq konfransa nümayəndə heyəti ilə getməsinin hədəfi nə ola bilər?

"Ermənistanın baş naziri Nikol Paşinyanın Altay Respublikasına səfəri Rusiyada keçrilən ekologiya sammitilə bağlı olsa da, geniş nümayəndə heyəti ilə səfərin təşkilindən görünür ki, baş nazir Kremllə bir çox məsələləri aydınlaşdırmaq istəyir. Çünki Rusiyanın seçkiqabağı kilsəyə və müxalifətə ardıcıl şəkildə dəstək verməsi Nikol Paşinyanı ciddi narahat edir. Bu müstəvidə danışıqların aparılması mümkündür. Müzakirə olunan məsələlər sırasında Ermənistanın KTMT-dən çıxması, Zəngəzur dəhlizinin açılmasında Rusiyanın rolu, həmçinin Rusiyadan Ermənistana ötürülən qazın qiymətinin qaldırılması yer ala bilər. Çünki bu məsələlər Nikol Paşinyanı birmənalı şəkildə narahat edir". Bunu məsələyə münasibət bildirərkən baki-xeber.com-a siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

Ekspert onu da əlavə edib ki, hazırda Rusiya ilə Ermənistan arasında ciddi siyasi böhran yaşanır: "Rusiya Ermənistana təzyiqlərini günbəgün artırır. Rusiya rəsmiləri Nikol Paşinyana xəbərdarlıq edirlər ki, müxalifətə toxunmasın və onlarla sivil qaydalara uyğun davransın. Yəqin ki, Paşinyan Rusiyanın Ermənistanın daxili işlərinə qarışmaması üçün əlindən gələni edəcək və bununla bağlı Moskva ilə razılaşmağa çalışacaq.

Eyni zamanda, KTMT-dən çıxmaq hələ də Paşinyanin gündəmindədir. Rusiya isə belə olan təqdirdə Ermənistana təzyiq edir ki, Aİİ-dən də çıxmalısan. Aİİ-dən çıxmaq isə Ermənistan hakimiyyətinin maraqlarına uyğun gəlmir. Çünki Aİİ-dən ən cox yararlanan ölkə bəlkə də Ermənistandır.

Bu məsələlər müzakirə ediləcək, amma müsbət nəticə əldə ediləcəyinə ümid çox azdır. Ona görə ki, hazırda Nikol Paşinyanın yürütdüyü xarici siyasət anti-Rusiya xarakterinə malikdir".

Dəniz NƏSİRLİ

Seçilən
66
baki-xeber.com

1Mənbələr