AZ

Azərbaycanda birinci yarımildə qeydə alınan 17 min 49 cinayətin 90,2 faizinin açılması təmin edilib

Bakı, 24 iyul, AZƏRTAC

İyulun 24-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə videokonfrans rejimində Azərbaycan Respublikasının Prokurorluğu orqanları tərəfindən 2025-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev cari ilin xalqımız, o cümlədən hüquq ictimaiyyəti üçün əlamətdar hadisələrlə zəngin bir il olduğunu bildirib.

Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə təsadüf edən 2025-ci ilin Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında Azərbaycanda “Konstitusiya və Suverenlik ili” elan edilməsi hər birimiz üçün tarixi bir anlam kəsb etməkdədir.

Çıxış zamanı müasir Azərbaycanın banisi, görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin ölkəmizin hüquqi və demokratik dövlət olaraq formalaşmasındakı rolu və bu istiqamətdə uzaqgörənliklə atdığı qətiyyətli addımlar, həyata keçirdiyi hüquqi islahatlar, xüsusən müstəqil Azərbaycan Respublikası Konstitusiyasının hazırlanaraq qəbul edilməsi ilə bağlı göstərdiyi misilsiz xidmətlər vurğulanıb.

Bildirilib ki, son dövrlərdə dünyada müşahidə olunan geosiyasi gərginliklərə və ikili standartlara əsaslanan bir sıra beynəlxalq təzyiqlərə baxmayaraq Prezident İlham Əliyevin rəhbərliyi altında cari ilin birinci yarımilində də ölkə iqtisadiyyatında davamlı inkişaf və müasir infrastrukturun yaradılması istiqamətində mühüm addımlar atılıb, siyasi və strateji tərəfdaşlıq sahəsində əlaqələrimiz daha da gücləndirilib.

Bununla yanaşı, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı, həmin ərazilərdə aparılan quruculuq işləri 2025-ci ilin birinci yarımilində də ölkə rəhbəri və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən diqqət mərkəzində saxlanılıb, eyni zamanda, yurdlarına geri qayıtmış vətəndaşların rifahının yaxşılaşdırılması və işlə təmini məqsədi ilə yeni istehsal müəssisələri açılıb.

Baş prokuror bildirib ki, 2025-ci ilin birinci yarımili prokurorluq orqanları üçün də əlamətdar hadisələrlə zəngin olub. Belə ki, 2025-ci il may ayında Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network çərçivəsində 92 ölkədən 120-dən çox dövlət qurumunun 300-dən çox nümayəndəsinin iştirakı ilə Altıncı Plenar İclas Bakı şəhərində keçirilib.

Baş prokuror prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlərin görüldüyünü, bunun nəticəsində qeydə alınan cinayətlərin sayında əhəmiyyətli azalmanın olduğunu bildirib.

Vurğulanıb ki, cari ilin birinci yarımilində ölkə ərazisində 17 min 49 cinayət qeydə alınmaqla onların 90,2 faizinin açılması təmin edilib. Ümumilikdə ölkə üzrə cəmi 7 min 477 cinayət işinin istintaqı tamamlanıb ki, onlardan 536-sı prokurorluq orqanlarında istintaq olunub. Prokurorluq orqanları tərəfindən 340, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 5 min 839 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.

Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri və tamamlanmış araşdırma materialları üzrə ümumilikdə 55 milyon 783 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 37,7 faizinin, yəni 21 milyon 26 min manat hissəsinin ödənilməsinə nail olunub. Habelə 13 milyon 788 min manat məbləğində əmlak üzərinə həbs qoyulub.

Qeyd edilib ki, Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Fərmanına uyğun olaraq istifadəyə verilmiş “Elektron prokurorluq” informasiya sisteminin texniki və funksional imkanları əhəmiyyətli dərəcədə təkmilləşdirilib, bir sıra digər dövlət informasiya resursları ilə inteqrasiya təmin edilib. Hesabat dövründə ölkə rəhbərinin siyasi fəaliyyətinin əsas prioritet istiqamətlərindən biri olan korrupsiyaya və rüşvətxorluğa qarşı barışmaz mübarizə xətti əvvəlki illərdə olduğu kimi ardıcıl şəkildə davam etdirilib. Həmin çərçivədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşları ciddi narahat edən korrupsiya xarakterli cinayətlərin və hüquqpozmaların daha geniş yayıldığı idarəetmə və xidmət sahələri müəyyən edilib, həmin əməlləri törətmiş vəzifəli şəxslər məhkəmə məsuliyyətinə verilib. Eyni zamanda, Baş İdarənin əməliyyat qurumları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 10 şəxs cinayət başında yaxalanıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 59 cinayət işi başlanılıb. Hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 39 şəxs barəsində 31 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib, bunlardan 2 şəxs barəsində 2 iş qəsdən adamöldürmə faktları ilə bağlı olub. Həmçinin 3 şəxs barəsində qiyabi icraat başlanaraq məhkəməyə göndərilməsi təmin edilib.

Baş prokuror 2025-ci ilin birinci yarımilində qeydə alınmış qeyri-aşkar cinayətlərin açılmasında, habelə ictimai sabitliyin və təhlükəsizliyin təmin edilməsi ilə bağlı prokurorluq orqanları ilə daxili işlər orqanları arasında səmərəli və koordinasiyalı fəaliyyəti xüsusi qeyd edib. Hesabat dövründə bütün instansiya məhkəmələri üzrə 11 min 170 şəxs barəsində 10 min 46 iş üzrə dövlət ittihamının müdafiəsi təmin olunub, prokurorluq orqanları tərəfindən 658 apellyasiya və 198 kassasiya protestləri verilib, 441 apellyasiya protesti və 49 kassasiya protestləri təmin edilməklə nəticədə məhkəmə səhvlərinin yuxarı instansiya məhkəmələri tərəfindən aradan qaldırılması təmin olunub.

Bildirilib ki, hesabat dövründə tabe rayon (şəhər) prokurorluqlarının fəaliyyətində də qənaətbəxş nəticələr əldə olunub, 2024-cü ilin birinci yarımili ilə müqayisədə adamöldürmə cinayətləri 21 vahid azalaraq törədilmiş 54 cinayətdən 53-nün açılması, bağlı qalmış 1 qəsdən adamöldürmə cinayət işinin isə cari ilin iyul ayında açılması təmin olunub.

Təəssüf hissi ilə qeyd edilib ki, Ermənistan tərəfinin apardığı mina terroru nəticəsində 2025-ci ilin birinci yarımilində mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 18 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 400 şəxs bu terrorun qurbanı olub, onlardan 70 nəfəri həlak olub, 330-u müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Cari ilin birinci yarımilində istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması məqsədilə prosessual rəhbərlik və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə cinayət işləri üzrə icraata xitam verilməsinə dair 490 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunub.

2025-ci ilin birinci yarımili ərzində cinayət təqibindən kənar icraatlarla əlaqədar inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik qurumlarla işgüzar əlaqələrin qurulması təmin olunmaqla 1891 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilib.

Qeyd edilib ki, Baş Prokurorluğun “Çağrı Mərkəzi”nə 2025-ci ilin birinci yarımilində daxil olmuş müraciətlərdən 14 min 263 müraciət üzrə vətəndaşlara onları maraqlandıran müvafiq hüquqi izahlar verilib, 2 min 146 məlumat isə cinayət xarakterli olduğu üçün qeydə alınaraq araşdırılması aidiyyəti struktur qurumlara tapşırılıb.

Kollegiya iclasında bildirilib ki, ötən yarımildə xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər nəticəsində prokurorluq işçilərinin fəaliyyətində qanunsuzluqlara və etik davranış qaydalarına zidd hallara qarşı tələbkarlıq daha da artırılıb, həmin məqsədlə aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif növ intizam xətalarına yol verdikləri üçün 12 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 1-nə irad bildirilib, 7-nə töhmət və ya şiddətli töhmət elan edilib, 2 nəfər tutduğu vəzifədən azad olunub, 2 nəfər prokurorluq orqanlarından xaric edilib.

Həmçinin diqqətə çatdırılıb ki, hesabat dövründə kadr işinin düzgün təşkili və onun müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib, habelə nümunəvi fəaliyyətlərinə görə 132 prokurorluq işçisi həvəsləndirilib, 44 nəfər vəzifədə irəli çəkilib, eyni zamanda, işə qəbul olunmaq istəyən şəxslər üçün ötən yarımildə 50 ştat vahidi üzrə 27-ci növbəti müsabiqə elan edilib.

Hesabat dövründə azyaşlı uşaqların hüquqlarının müdafiəsi istiqamətində zəruri tədbirlər görülüb, valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 3 mülki iddia qaldırılıb.

Cari ilin birinci yarımilində prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində 42 təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.

Vurğulanıb ki, 2025-ci ilin birinci yarımilində də vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkili daim diqqətdə saxlanılıb, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Baş prokuror tərəfindən respublikanın 13 şəhər və rayonunda 400-dən artıq vətəndaşın qəbulu həyata keçirilib. Vətəndaşların müraciətlərində qaldırılan və birbaşa prokurorluq orqanlarının səlahiyyətlərinə aid məsələlərin qanunvericiliyə uyğun həllinin təmin edilməsi məqsədilə Baş Prokurorluğun aidiyyəti struktur qurumlarının rəhbərlərinə və müvafiq ərazi prokurorlarına konkret göstərişlər verilib.

Kollegiya iclasında hesabat dövründə əldə olunmuş müsbət nəticələrlə yanaşı, fəaliyyətin ayrı-ayrı istiqamətləri üzrə mövcud çatışmazlıqlar da diqqət mərkəzində saxlanılıb, həmin halların aradan qaldırılması məqsədilə Baş Prokurorluğun aidiyyəti struktur qurumların rəhbərlərinin iştirakı ilə geniş təhlillər aparılıb. İstintaq işi və ibtidai araşdırmalara prosessual rəhbərliyin təşkili, fiziki və hüquqi şəxslərə dəymiş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə bağlı fəaliyyətin səmərəli təşkili istiqamətində konkret və təxirəsalınmaz tədbirlərin görülməsi qarşıya mühüm vəzifə kimi qoyulub.

Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə cinayətlərin qarşısının alınması üçün kompleks və məqsədyönlü tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.

Daha sonra Baş prokurorun birinci müavini Elçin Məmmədov, müavinləri Elmar Camalov, Heydər Məmmədov, Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov və Baş prokurorun müavini –Hərbi prokuror Bəhruz Əhmədov, Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev, Bakı şəhər prokuroru Elşən Abbasov hesabat dövründə fəaliyyət, bu zaman yol verilmiş nöqsanlar və onların aradan qaldırılması istiqamətində görülməli tədbirlər barədə, Hacıqabul, Balakən rayon və Füzuli hərbi prokuroru hesabat dövründə görülmüş işlərlə bağlı məruzələrlə çıxış edib, müzakirələr ətrafında fikir mübadiləsi aparılmaqla qarşıda duran vəzifələrə dair tapşırıqlar verilib.

Kollegiya iclasına yekun vuran Kamran Əliyev daim dövləti maraqların keşiyində mətinliklə durmuş, bu istiqamətdə qanunla üzərilərinə qoyulmuş vəzifələri layiqincə yerinə yetirmiş prokurorluq əməkdaşlarının tarixi və mənəvi mahiyyət kəsb edən bu ildə də Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin uğurla davam etdirilməsi amalında xalqımızın və dövlətimizin maraq və mənafeyinə təhdid doğuran bütün neqativ hal və ünsürlərə münasibətdə qətiyyətli mövqe tutacaqlarına, qanunla səlahiyyətlərinə aid edilmiş bütün fəaliyyət istiqamətləri üzrə öz öhdəliklərini yüksək peşəkarlıqla icra edəcəklərinə əminliyini ifadə edib.

Seçilən
90
5
azertag.az

10Mənbələr