Salyanda “Ay Store” marketdə saxta araq məhsulları aşkarlanıb.
Bu barədə Publika.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, daxil olan müraciət əsasında agentliyinin əməkdaşları Salyan rayonu, Ələt-Astara magistral yolunun 60-cı kilometrliyində fəaliyyət göstərən, Süleymanov Sərxan Qurbanəli oğluna məxsus “Ay Store” marketdə yoxlama keçirib.
Baxış zamanı marketdə 6 ədəd 1 litr-lik, 7 ədəd 0,7 litr-lik və 8 ədəd 0,5 litr-lik “Platinum Vısota” əmtəə nişanlı saxtalaşdırılmış araq aşkarlanıb. Məhsulların keyfiyyət və təhlükəsizliyinə dair, həmçinin müşayiətedici sənədlərinin (e-qaimə, faktura və s.) mövcud olmadığı, etiket məlumatlarının yanlış qeyd edildiyi (istehsalçı adı və VÖEN) müəyyən olunub.