Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən Gömrük Məcəlləsində edilən son dəyişikliklər, ölkə iqtisadiyyatının və beynəlxalq ticarət fəaliyyətlərinin düzgün və şəffaf şəkildə tənzimlənməsi məqsədini güdür.
Bizimyol.info xəbər verir ki, ən önəmli dəyişikliklərdən biri gömrük ödənişlərinin ödənilməsində məsuliyyət daşıyan şəxslərin daha dəqiq müəyyənləşdirilməsidir.
Bu dəyişikliklər, əvvəlki qaydalarda olan qeyri-müəyyənliyi aradan qaldıraraq, yalnız müvafiq gömrük ödənişi borcu olan şəxs və ya bu ödənişi təmin edən şəxslərin məsuliyyətini konkretləşdirir. Yeni tənzimləmə, xüsusən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün əhəmiyyətli olacaq, çünki başqalarının borcunu ödəmək daha mümkün olmayacaq. Həmçinin, digər şəxslər üçün əvvəlki ödəniş qaydaları qorunub saxlanılacaq. Bu dəyişikliklər, gömrük orqanlarının və vergi orqanlarının hüquqi tənzimlənməsi və vətəndaşların qanunvericiliyə riayət etməsi prosesini gücləndirəcək.
Vüqar Bayramov
Məcəlləyə edilən dəyişikliklərlə bağlı Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bauramov münasibət bildirib.
"Azərbaycan Prezidenti Gömrük Məcəlləsində dəyişiklikləri təsdiq edib. Dəyişikliklər borcunun ödənilməsi sahəsində məsul subyektlərin dəqiq müəyyənləşdirilməsi məqsədi daşıyır. Məcəlləyə əsasən gömrük ödənişlərini ödəmək malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin vəzifəsidir. Bununla belə, məcəlləyə görə gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə bilərdi. Bu isə dəqiqləşdirmənin aparılmasını zəruri etmişdi.
Gömrük bəyannaməsinin təsdiqi nəticəsində bəyan edən şəxsin üzərinə gömrük ödənişlərinin ödənilməsi öhdəliyinin qoyulduğunu, bu ödənişin ödənilmədiyi təqdirdə gömrük borcunun yarandığını, habelə beynəlxalq təcrübədə də hüquqi tənzimlənmənin “istənilən maraqlı şəxs” kimi qeyri-müəyyən deyil, “məsul olan istənilən şəxs” kimi məsuliyyəti özündə ehtiva edən ifadə ilə aparıldığını nəzərə alaraq Məcəllədə müvafiq dəyişikliklərin edilməsi ehtiyac duyuldu", - deyə deputat qeyd edib.
Vüqar Bayramov: "Bununla da, dəyişiklik gömrük borcunun istənilən maraqlı şəxs tərəfindən deyil, hesablanmış gömrük ödənişləri üzrə borclu olan şəxs tərəfindən və ya bu məcəllədə tutulmuş üsullardan yəni, girov, bank qarantiyası, ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi, sığorta müqavilələri, üçüncü şəxsin zaminliyi, avans ödəmələr istifadə etməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilməsini nəzərdə tutur", - deyə bildirib.
O əlavə edib ki, yeni dəyişikliklər ilə gömrük orqanları tərəfindən hesablanmış gömrük ödənişləri, dəbbə pulu və faizlər üzrə gömrük borcunun borclu şəxs tərəfindən ödənilməsi prosesi tənzimlənəcək, şəxslərin gömrük və vergi qanunvericiliyinə riayət etməsi təmin ediləcəkdir. "Bütövlükdə, yeni dəyişikliklər ilə başqasının gömrük borcunu ödəmək daha mümkün olmayacaq. Bu qaydalar sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə şamil olunacaq. Digər şəxslər ilə bağlı ödəniş qaydaları əvvəlki kimi saxlanılır", - İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri V.Bayramov bildirib.
Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.