AZ

Günahını etiraf et, kompensasiya ödə, üzr istə!

Yazını böyüt
Yazını kiçilt

Rusiya və Azərbaycan arasında münasibətlərdə müşahidə olunan gərginlik davam edir. Prezident İlham Əliyevin Şuşa Qlobal Forumunda iki ölkə arasındakı münasibətlərə dair şərhindən sonra, Şimal qonşumuzun mediası və anti-Azərbaycan qüvvələri yenidən hərəkətə keçib. Məlum təyyarə qəzası ilə bağlı Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun addımlar atacağını bəyan etməsi Moskvada ciddi narahatlıq yaradıb. Səbəb isə bəllidir. Beynəlxalq məhkəmədə faktlar və sübutları gizlətmək mümkün deyil. Əksinə, bu hadisədə günahı olanlar adları ilə çağrılacaqlar. Məsuliyyətin kimdə olduğu bütün beynəlxalq birliyə bir daha xatırladılacaq. Bakının müttəfiqlik bəyannaməsinin tələblərinə uyğun Moskvadan haqlı tələbləri gözardı edildikcə, vaxt süni şəkildə uzadıldıqca Kremlin gözləntilərinin özünü doğrultmayacağı artıq bəllidir. Azərbaycan milli maraqlarını müdafiədə sona qədər gedəcək. Məhz bu qətiyyət və siyasi iradə Rusiya siyasi isteblişmentində isterikaya yol açır. Demək olar ki, hər gün Rusiya mətbuatında Azərbaycan əleyhinə bəyanatlar verilir, müxtəlif “təzyiq vasitələri”ndən dəm vurulur. Bu məsələdə baş rolu isə həm Azərbaycana, həm də Ermənistana igirişi qadağan edilmiş Konstntin Zatulin və onun ətrafı oynayır.

Daim ermənipərəst mövqeyi ilə seçilən Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin bildirib ki, Moskva Azərbaycanın daxili vəziyyətini diqqətlə nəzərdən keçirməlidir. Onun sözlərinə görə, Dağlıq Qarabağda baş verən bütün hadisələr nəticəsində Azərbaycan başqa səviyyəyə çatıb və artıq Rusiya ilə münasibətlərdə o qədər də maraqlı deyil. “Bu o demək deyil ki, biz də qışqırmağa başlamalıyıq və ya bazarlarımızda azərbaycanlı alverçilərə qarşı ümumi reyd təşkil etməliyik. Bu, Rusiyada yalnız azərbaycanofobların olduğunu sübut etmək üçün Bakının özünün istifadə edəcəyi ən axmaq davranış idi. Əksinə, biz Azərbaycanın daxili vəziyyətini diqqətlə düşünməliyik. Ermənistanda baş nazir Nikolyanın, Nikolinin xəyanətkar kursuna qarşı çıxanları dəstəkləməliyik”. O qeyd edib ki, Rusiya “Dağlıq Qarabağ əhalisinə və bu regionun Azərbaycana təslim olmaq məcburiyyətində qalan rəhbərlərinə humanitar jestlər göstərməlidir”. O, bu adamların Rusiyanın iştirakı ilə tutulmasını və hazırda həbsxanada oturmalarını biabırçılıq adlandırıb.

Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Milan Lazoviç isə o qənaətdədir ki, Rusiya ilə Azərbaycan arasında dövlət başçıları səviyyəsində birbaşa dialoq ölkələr arasında böhranı yumşalda bilər. Onun sözlərinə görə, iki ölkə liderləri Vladimir Putin və İlham Əliyev arasında münasibətlər uzun müddətdir ki, konstruktiv və etimad xarakteri daşıyır.

Rusiyada Azərbaycana qarşı müşahidə olunan isterika Şuşada keçirilən forumda iştirak edən məşhur rusiyalı politoloq Sergey Markova qarşı çağırışlarda da aşkar hiss edilir. Rusiyalı hərbi blogerlər Azərbaycan Prezidenti İlham Əliyevi tərifləyən məşhur politoloq Sergey Markovun cəzalandırılmasını istəyiblər. Siyasətçinin xarici agent kimi tanınmasına çağırışlar var. Markov bu forumu Əliyevin fikirlərini eşitmək və müxtəlif ölkələrdən olan həmkarları ilə ünsiyyət qurmaq üçün unikal imkan adlandırıb, həmçinin Azərbaycan lideri haqqında tərifli şərhlər verib.

“Şübhəsiz ki, o, müasir dünyanın ən təcrübəli liderlərindən biridir. Qalib ölkəni təmsil edən lider. Müharibədə açıq-aşkar qalib gələn və tam nəzarəti bərqərar edən, Qarabağ ərazisini azad edən dövlətlər çox deyil. Bir çox liderlər ondan bilmək istərdilər ki, qələbənin sirri nədir? Biz də bu sualları Prezidentə vermək istəyirik. Və o, bildiyimiz kimi, çox müdrik, bacarıqlı, düzgün rəhbərdir”.

Politoloqun sözləri Moskva ilə Bakı arasında münasibətlərin gərginləşməsi fonunda bir sıra rusiyalı hərbi blogerlərin hiddətinə səbəb olub. Yazıçı Roman Antonovski Markovun xarici agent elan edilməsinə çağırıb. “Etiraf etməyin vaxtıdır ki, rus pantürkistləri, panislamistləri xarici agentlərdir”.

Politoloq hərbi blogerlərin onu cəzalandırması ilə bağlı çağırışlarına cavab verib. O, marjinallar və Rusiyanın düşmənləri tərəfindən tənqid edildiyini bildirib. Eyni zamanda Markov özünü vətənpərvər və Putinin tərəfdarı adlandırıb. Onun sözlərinə görə, o, “sadəcə, Putinin tərəfdarı deyil, Putinin ən parlaq, birbaşa və inandırıcı tərəfdarlarından biridir”. “Bunu hamı bilir”, - Markov əmin edib. O, həmçinin bildirib ki, beynəlxalq forumlarda çıxışları zamanı Rusiyanın maraqlarını müdafiə edir, ona görə də “ölkə düşmənləri” onun belə tədbirlərdə iştirakını istəmirlər. Bu baxımdan Markov ölkənin xeyrinə ona müdaxilə etməməyə çağırıb. “Və bir daha birbaşa: kimsə politoloq Sergey Markovu sərt şəkildə danlayırsa, deməli, o, Rusiyanın düşmənlərinin və Putinin düşmənlərinin maraqlarından çıxış edir. Bəziləri axmaqlıqdan, bəziləri qəsdən, bəziləri pula görə”, – Markov yekunlaşdırıb.

Göründüyü kimi, Azərbaycan Prezidentinin siyasi qətiyyəti, iradəsi, dövlətimizin tam müstəqil siyasət həyata keçirməsi, xüsusilə də ərazi bütövlüyümüzün bərpası ilə Bakıya qarşı yeganə güclü təsir imkanını itirməsi Kremlin yalnış seçim etməsinin onun maraqlarına ciddi zərbə vuracağına dəlalət edir. Doğru seçim isə olduqca sadə və məntiqlidir: günahını etiraf et, kompensasiya ödə, üzr istə! Bu, tək Azərbaycanın yox, həm də beynəlxalq hüququn, ədalətin, həqiqətin tələbidir.

Seçilən
66
hafta.az

1Mənbələr