“Rusiya təyyarəsinin hansı səbəblərdən qəzaya düşməsi haqqında heç bir məlumat yoxdur və bu, bir müəmma olaraq qalır. Böyük ehtimalla təyyarə texniki nasazlıq üzündən qəzaya uğrayıb. Çünki məlumatlar da var ki, qəzaya uğrayan “An-24” təyyarəsi 2018-ci ildən bəri dörd hava insidentində iştirak edib”.
Hafta.az-ın yazdığına görə, bunu Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Hasan Oqtay deyib.
Ekspert qeyd edib ki, təyyarə qəzası nə qədər Çin sərhədinə yaxın hava məkanında baş versə də, məsələyə Çin-Rusya münasibətləri kontekstindən baxanda hadisənin Cindən törədilməsi mümkün görünmür. Eləcə də təyyarənin bu gün müharibə şəraitində olan Ukrayna tərəfindən vurulması da məsafənin uzaqlığı baxımından mümkünsüz görünür. Onun fikrincə, Ukrayna əlindəki dağıdıcı silahlardan bu qədər uzaqda deyil, daha çox Moskova civarında istifadə edə bilər. Ona görə də texniki qəza ehtimalının üzərində dayanmaq daha məntiqlidir.
H.Oqtay eyni zamanda hesab edir ki, Azərbaycan təyyarəsinin vurulması ilə rus təyyarəsinin qəzaya düşməsini müqayisə etmək olmaz. Azərbaycan təyyarəsinə sui-qəsd ehtimalı bölgədəki geosiyasi aktivliyə görə inandırıcıdır. Ancaq Çin sərhədi yaxınlığında Rusiya təyyarəsinin vurulması ilə bağlı sui-qəsd cəhdi görünmür.
Ekspertin fikrincə, bununla belə Rusiya ictimaiyyətinə Rusiyanın hər yerində etibarsızlıq hissi aşılamaq, Putinə və onun komandasına inamsızlığını daha da artırmaq üçün belə bir əməliyyatın keçirilməsinin mümkünlüyü də nəzərdən keçirilməlidir.