AZ

Azərbaycan və Somali XİN rəhbərlərinin müzakirə etdiyi məsələlər açıqlandı - YENİLƏNİB + FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Somali xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə görüşüb.
 
Bu barədə Moderator.az-a XİN-dən bildirilib.
 
Nazirlər arasında baş tutan təkbətək görüş daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
 
Görüşdə Azərbaycan və Somali arasında ikitərəfli əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunub.
 
Son bir neçə il ərzində ölkələrimiz arasında təmasların intensivləşməsi, qarşılıqlı səfərlərin sayının artmasının məmnunluq doğurduğu qeyd edilib.
 
Nazir Ceyhun Bayramov Azərbaycan və Somali arasında əməkdaşlığın siyasi, iqtisadi, humanitar və digər sahələrdə daha da dərinləşdirilməsi üçün mövcud potensialdan istifadə olunmasının vacibliyini vurğulayıb.
 
Kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, yaşıl enerji, humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu bildirilib. Somali nümayəndə heyətinin ADEX sərgisində iştirakı xatırlanıb, müdafiə sənayesi sahəsində geniş əməkdaşlıq perspektivləri olduğu qeyd edilib.
 
Həmçinin, bu ilin fevral ayında Azərbaycan hökumət missiyasının Somaliyə səfəri və bu çərçivədə Xarici İşlər Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsinin iki ölkə arasında əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə və yeni təşəbbüslərin formalaşdırılmasına zəmin yaratdığı qeyd olunub.
 
Görüşdə, Azərbaycan və Somali arasında ikitərəfli çərçivədəki münasibətlərlə yanaşı, çoxtərəfli beynəlxalq və regional platformalarda, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın önəmi vurğulanıb. Bu çərçivədə, Somalinin 2025–2026-cı illər üzrə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü dövründə əməkdaşlığın təqdirəlayiq olduğu bildirilib və gələcəkdə də qarşılıqlı dəstəyə əsaslanan münasibətlərin davam etdiriləcəyinə əminlik ifadə olunub. Ölkəmizin 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi və təşkilata sədrliyi dönəmində ölkələrimiz arasında geniş əməkdaşlıq perspektivlərinin olduğu qeyd edilib.
 
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
 
Görüşün yekununda nazirlər birgə mətbuat konfransında çıxış ediblər.
 
12:37
 
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi arasında keçirilən təkbətək görüş başa çatıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
 
Daha sonra tərəflər arasında geniş tərkibdə görüş baş tutub.
 
Nazirlər ticarət, enerji, kənd təsərrüfatı, təhsil və humanitar yardım sahələrində əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər.
 
Həmçinin BMT, Qoşulmama Hərəkatı və İƏT-də əməkdaşlıq barəsində danışıqlar aparılıb.
 
Qeyd edilib ki, iki ölkə arasındakı son səfərlər və imzalanmış sazişlər Azərbaycan və Somali arasında tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyini göstərir.
 
12:03
 
Somali xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali Azərbaycana rəsmi səfərə gəlib.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
 
C.Bayramov Somali xarici işlər və beynəlxalq əməkdaşlıq nazirini XİN-in binası önündə qarşılayıb.
 
Daha sonra XİN rəhbərləri arasında təkbətək görüş başlayıb.
 
Görüşlərdən sonra hər iki nazirin iştirakı ilə mətbuat konfransı keçiriləcəyi nəzərdə tutulur.
Seçilən
49
5
moderator.az

7Mənbələr