AZ

“Belə yayınlarda problemlə üzləşmək ehtimalı var” – “Petrokub” – “Sabah” matçını necə izləyəcəyik?

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq “Petrokub” (Moldova) – “Sabah” matçının canlı yayınlanacağı telekanal müəyyənləşib. Belə ki, oyunu “İctimai” TV-dən izləmək mümkün olacaq.

Yayının detalları haqda ətraflı məlumat almaq üçün telekanalın İdman Departamentinin rəhbəri Kənan Hakimovla əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:
“Petrokub” bizə internet üzərindən yayın təklif etdi. Bu dəfə də peyk yayını olmayacaq. Ümid edirik ki, hansısa problem yaşanmaz. Lakin belə yayınlarda problemlə üzləşmək ehtimalı var. Belədə bilinməlidi ki, səbəblər bizdən asılı deyil. Çünki siqnal bizə qarşı tərəfdən təqdim ediləcək. Şərh yerindən yox, Tural Dadaşovun təqdimatında Bakıdan olacaq”.
Maraq üçün bildirək ki, “Sabah”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Selye”yə (Sloveniya) qarşı cavab oyunu “İctimai” TV-də, “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şelburn”a (İrlandiya) qarşı ilk oyunu isə “CBC Sport”da internet yayınıyla təşkil olunub. Masazır təmsilçisinin görüşünün yayını zamanı ciddi problem yaranmasa da, ağdamlıların matçını izləyən futbolsevərlər səs və görüntüdə gecikmə olduğundan şikayətlənib.

Maraqlıdı, qarşı tərəfin Azərbaycan telekanalları üçün peyk yayını təşkil etməməsinin səbəbi nədi? Günahkar həqiqətənmi təkcə rəqiblərdi?

KƏNAN BAHADIR
Seçilən
31
1
football-plus.az

2Mənbələr