AZ

“Paşinyanın kilsəyə qarşı addımı Ermənistanı parçalaya bilər” – Bəhruz Quliyev – ÖZƏL

"Ermənistanda hökümət və kilsə arasında mübarizə yeni mərhələyə keçib. Belə ki, baş naziri Nikol Paşinyanın bütün ermənilərin katolikosu II Qareginin devrilməsi ilə bağlı verdiyi mesajlar və yeni seçki qaydaları təklif etməsi, hökumətlə kilsə arasında ciddi qarşıdurma yaradıb".

Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Ekspert qeyd edib ki, bu, ilk növbədə Ermənistan daxilində siyasi və ictimai sabitliyi təhlükə altına sala bilər. Çünki kilsə Ermənistanda yalnız dini deyil, həm də milli kimliyi təmsil edən əsas institutlardan biridir: "Paşinyanın bu məsələni gündəmə gətirməsi və sosial şəbəkələrdə sərt çıxışlar etməsi cəmiyyətdə parçalanmalara səbəb ola bilər. Dini liderin devrilməsi və yerinə təyinatın hökumətin hazırladığı sənədə əsasən həyata keçirilməsi kilsənin müstəqilliyinə birbaşa müdaxilə kimi qiymətləndirilir. Bu isə hökumətə olan inamı daha da zəiflədə  və eyni zamanda, anti-Paşinyan qüvvələri birləşdirə bilər. Bu isə hakimiyyətin daha ciddi addımlar atacağını zəruriləşdirəcək. Digər tərəfdən, Ermənistan daxilində belə bir qarşıdurma ölkənin xarici siyasətinə də mənfi təsir göstərə bilər. Əgər ölkə daxilində böhran dərinləşərsə, Ermənistanın regionda sabit tərəfdaş kimi çıxış etməsi çətinləşəcək. Bu da  Azərbaycan-Ermənistan münasibətlərinə və sülh prosesinə təsirsiz ötüşməyəcək".

"Hesab edirəm ki, Azərbaycan tərəfi bu gərginliyi diqqətlə izləməlidir. Ermənistanın daxilindəki qeyri-sabitlik sülh danışıqlarında irəliləyişə mane ola bilər. Belə bir zamanda Azərbaycanın mövqeyi daha da güclənir, çünki ölkəmiz sabitlik və davamlılıq nümayiş etdirir. Amma  Ermənistan daxilində baş verən münaqişədən yararlanmağa çalışan üçüncü qüvvə amili də diqqətdən qaçmamalıdır. Bu cür vəziyyətdə prosesə mane olan tərəflər sülh danışıqlarını ləngidə bilər." - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
44
olaylar.az

1Mənbələr