AZ

SOCAR Ustyurt regionunda geoloji kəşfiyyat və karbohidrogen hasilatına dair saziş imzalayıb

Özbəkistanın Energetika Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Özbəkneftqaz" SC Ustyurt neft-qaz regionunun investisiya bloklarında geoloji kəşfiyyat işlərinin aparılmasını və sonrakı karbohidrogen hasilatını nəzərdə tutan hasilatın pay bölgüsü sazişini (HPBS) imzalayıblar.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Özbəkistan Energetika Nazirliyinin məlumatına istinadən xəbər verir.

"Sazişin şərtlərinə uyğun olaraq, ən azı min kv. km sahədə 3D seysmik kəşfiyyat işlərin aparılması və nəticələrə əsasən bir quyuda geoloji kəşfiyyat işlərinə başlanılması planlaşdırılır. Sənaye əhəmiyyətli karbohidrogen yataqları aşkar ediləcəyi təqdirdə, tərəflər onların işlənməsi və sonrakı hasilatı mərhələsinə keçəcəklər", - məlumatda bildirilib.

Nazirlik qeyd edib ki, sazişin imzalanması Özbəkistan və Azərbaycan arasında enerji tərəfdaşlığının inkişafında mühüm addım olub və karbohidrogen ehtiyatlarının kəşfiyyatı və işlənməsi (mənimsənilməsi) sahəsində uzunmüddətli əməkdaşlıq üçün möhkəm təməl qoyub.

SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib ki, bu sazişin imzalanması Mərkəzi Asiya və Xəzər regionunda enerji sektorunun inkişafı üzrə iki ölkənin uzunmüddətli strategiyasının sübutudur: “SOCAR toplanmış təcrübə və qabaqcıl texnoloji həlləri tətbiq edərək həvəslə layihənin həyata keçirilməsinə başlayır. Biz əminik ki, bu əməkdaşlıq Özbəkistanın enerji təhlükəsizliyinin təmin edilməsinə və infrastrukturunun inkişafına əhəmiyyətli töhfə verəcək”.

Seçilən
60
2
operativmm.az

3Mənbələr