Bakı, 24 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyasının hazırlanması məqsədilə görülən işlər çərçivəsində yaradılmış “Yaşıl enerji məkanı” alt işçi qrupunun ilk iclası keçirilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, alt işçi qrupunun rəhbəri, energetika naziri Pərviz Şahbazov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə enerji sahəsində həyata keçirilən islahatlardan və yaşıl enerji gündəliyinin prioritet istiqamətlərindən danışıb. Yeni strategiyanın alt işçi qrupuna həvalə edilmiş hissəsinin hazırlanmasında həm 2022–2026-cı illəri əhatə edən iqtisadi inkişaf Strategiyasının icrası zamanı əldə edilmiş təcrübənin, həm də qlobal trendlərin nəzərə alınmasının əhəmiyyəti vurğulanıb.
İclasda strategiya çərçivəsində yaşıl enerji məqsədi üzrə görülmüş işlər və əldə olunan nəticələr təqdim olunub, 2027–2030-cu illəri əhatə edəcək yeni dövr üzrə fəaliyyət istiqamətləri, ilkin tədbirlər və koordinasiya mexanizmləri müzakirə edilib.
Qeyd edək ki, “Yaşıl enerji məkanı” alt işçi qrupu Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli Sərəncamına əsasən, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq yaradılıb.