AZ

Vüqar Əhmədov: “Azərbaycan müstəmləkəçiliyə məruz qalan xalqların səsini beynəlxalq aləmə çatdırır”

Bu gün Bakıda keçirilən “Fransanın müstəmləkəçilik siyasəti və bu ölkədə insan haqlarının vəziyyətinə dair ictimai dinləmələr” mövzusunda beynəlxalq hibrid konfransda Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov çıxış edib.

QHT.az xəbər verir ki, çıxışında Vüqar Əhmədov Fransanın müstəmləkəçilik siyasətinin tarixi və bu siyasətin hazırkı dövrdə də müxtəlif formalarda davam etməsi məsələsinə toxunub. O bildirib ki, 2020-ci ildə Qoşulmama Hərəkatı çərçivəsində qlobal Cənub ölkələrinin fəallığı artıb və bu fəallıq Fransanın müstəmləkəçilik siyasətinə qarşı beynəlxalq təşkilatlar səviyyəsində məsələ qaldırılması ilə nəticələnib.

“Bu proses nəticəsində Fransa prezidenti tərəfindən bəzi nümayəndələrin uzaqlaşdırılması və bu mövzuya münasibətin dəyişməsi müşahidə olunub. Qlobal Cənub ölkələri bu istiqamətdə ciddi fəallıq göstərir və bu yalnız Cənubi Qafqazda deyil, Yaxın Şərqdə də özünü göstərir. Bu gün Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxışlar artıq BMT və digər beynəlxalq platformalarda səsləndirilir,” – deyə Vüqar Əhmədov qeyd edib.

O bildirib ki, Azərbaycan bu prosesdə aktiv iştirak edir və beynəlxalq miqyasda müstəmləkəçiliyə məruz qalan xalqların səsini çatdıran ölkələrdən biridir:

“COP-29 tədbirində bu səslər eşidildi. Azərbaycan bu məsələdə qlobal səviyyədə prinsipial mövqe nümayiş etdirir və bu mövqe dünyanın müxtəlif regionlarında təqdir olunur.”

Vüqar Əhmədov eyni zamanda Azərbaycanda dini dözümlülük və mədəni müxtəliflik siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. O qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan kampaniyalara və mədəni irsə edilən hücumlara baxmayaraq, Azərbaycan daim mədəni dəyərlərin qorunmasına önəm verir.

Sonda çıxışçı ABŞ Prezidenti Donald Trampın YUNESKO ilə bağlı son çıxışına istinad edərək, Fransanın dəyərlərlə bağlı nüfuzunun beynəlxalq aləmdə azaldığını qeyd edib.

 

Pərvanə Fərhadqızı

Seçilən
90
qht.az

1Mənbələr