AZ

Ağdam işğal tarixini deyil, Zəfər günlərini yaşayır

İlham Əliyev “Qafqazın Xirosiması” adlandırılan şəhəri cənnətməkana çevirir 

23 iyul 1993-cü il - Qarabağın dilbər guşəsi, cənnətməkanın giriş qapısı Ağdamın  işğalı günü kimi tarixə düşüb.

Ermənilər Ağdamın işğal olunan ərazilərindəki tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri darmadağın etmişdilər. İşğal nəticəsində 128 min nəfər doğma ev-eşiyindən didərgin düşmüşdü, Azərbaycan iqtisadiyyatına 3 milyard manatdan artıq ziyan dəymişdi. İşğaldan əvvəl Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu var idi.

Qarabağ döyüşlərində ən çox küçə döyüşləri aparılan rayon da Ağdam olub. Ağdam Birinci Qarabağ müharibəsində 6 mindən çox şəhid verib.

Düz 27 il bu təqvim günündə təkcə ağdamlıların deyil, bütün xalqımızın qəlbi qan ağladı, nisgilliklə, qəmli notlarla o günləri yada salıb ağrılı-acılı tarixi xatırlamaq məcburiyyətində qaldıq. Bütün anım mərasimlərində bir arzumuz var idi - torpaqlarımız işğaldan azad edilsin, işğal günləri tarixə qovuşsun, yalnız zəfər günlərimizi böyük təmtəraqla qeyd edək. 

Allah Azərbaycan xalqına İlham Əliyev kimi elə bir qüdrətli sərkərdə nəsib etdi ki, 30 illik işğala, 200 illik münaqişəyə son qoyub adını tariximizə qızıl hərflərlə yazdırdı.

Müzəffər Ali Baş Komandan hərb meydanında sərkərdə kimi, siyasət meydanında əsl diplomat kimi savaşdı. Ağdam bir güllə atılmadan düşmən tapdağından təmizləndi. 

Bu gün ağdamlılar kədərdən, qüssədən uzaqdırlar. Düzdür, işğalı da unutmuruq, amma Zəfərin yaratdığı reallıqları görüb qürurlanırıq. 

Qeyd edək ki, Şanlı Zəfərimizdən sonra İlham Əliyevin diplomatik qətiyyəti sayəsində bir güllə atılmadan düşməndən alınan Ağdamı əcnəbi jurnalistlər “Qafqazın Xirosiması” adlandırmışdılar. 

Müzəffər Sərkərdə kimi İlham Əliyev rayon azad olunduqdan 3 gün sonra 2020-ci il noyabrın 23-də Ağdama ilk səfəri zamanı ürəkdağlayan mənzərəni bütün bəşəriyyətə təqdim etdi və dünya erməni barbarlığının faşist xislətli simasının bir daha şahidi oldu. Daşı daş üstündə qalmayan Ağdamı görən heyrətə gəlirdi. 

2021-ci il may ayının 28-də, Müstəqillik Günündə Ağdama ikinci səfərində rayon ictimaiyyəti ilə görüşdə İlham Əliyev dedi ki, əgər ermənilər ən gözəl şəhərimizi 30 ilə viranəyə çevirmişdilərsə, Azərbaycan cəmi bir neçə ilə burada cənnətməkan yaradacaq: “Elə bir Ağdam quracağıq ki, bu, bütün dünya ölkələrinə örnək olsun”.

Dünyada sözünə sadiq, sözü imzası qədər keçərli olan lider kimi tanınan İlham Əliyev cəmi 5 ilə xarabalıqlar üzərində möcüzələr yaratdı. 

İşğaldan azad olunan ərazilərimizin Baş planlarına uyğun olaraq müxtəlif infrastrukturların icra prosesi də həyata keçirilməkdədir. Ağdamın Baş planı 2021-ci ilin 28 may tarixində təsdiq olunub və ictimaiyyətə təqdim edilib. Baş plan 2040-cı ilədək Ağdam şəhərinin əsas planıdır. Bu plana əsasən şəhərin coğrafi əhatəsi 3 dəfəyə yaxın artacaq. Ağdam Azərbaycanda əhalisinin sayına görə 4-cü böyük şəhərə çevriləcək. Yəni 100 min əhali sayına malik olacaq. Şəhərin ərazisində bir çox müxtəlif sosial, mədəni, fiziki, iqtisadi infrastruktur obyektləri inşa olunmaqdadır. 

Bu gün Ağdam gündən-günə dirçəlir. Rayonun bərpası ilə bağlı kompleks tədbirlər görülür, Böyük qayıdışa möhtəşəm hazırlıq işləri aparılır.

Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli fərmanına əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam rayonunda 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb. Parkın yaradılmasından məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir.

Prezident İlham Əliyev iyulun 18-də Qarabağa səfəri çərçivəsində Ağdamda bir neçə obyektin açılışını edib. Dövlət başçısı 960 şagird yerlik Ağdam şəhər 1 nömrəli tam orta məktəbin, 160 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçasının, Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışlarında iştirak edib. 

Bundan öncə isə Prezident Ağdam Muğam Mərkəzinin, Ağdam-Bərdə avtomobil yolunun və Ağdam Cümə məscidinin, “Aghdam City Hotel”in, Ağdam İmarət Kompleksinin açılış mərasimlərində olub. 

Onu da deyək ki, işğaldan azad olunan bütün ərazilərimizdə tarixi, mədəni, dini irsimizin bərpası yönündə müstəsna işlər həyata keçirən Heydər Əliyev Fondu Ağdam şəhərində də misilsiz işlər görür. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında bu gün Ağdamda da mühüm layihələr həyata keçirilir. Prezidentin və Heydər Əliyev Fondunun reallaşdırdığı işlərlə Ağdamın işğaldan əvvəlki şöhrətinin, ruhunun özünə qaytarılacağına, yenidən mədəniyyət mərkəzinə çevriləcəyinə heç bir şübhə yoxdur. 

Bütün sadalanan işlər onu göstərir ki, Azərbaycan dövləti tarixi Zəfərdən dərhal sonra daha bir tarixi uğuru reallaşdırır və bütün maliyyə, texniki imkanlarını, kadr potensialını səfərbər edərək, işğaldan azad etdiyi torpaqlarını sürətlə dirçəldir, o ərazilərdə əbədi həyatın var olması üçün mühüm işlər görür.

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Seçilən
63
azerbaijan-news.az

1Mənbələr