AZ

İşğaldan azad ərazilərin iqtisadiyyatı sürətli inkişaf yoluna çıxıb...


2020-ci ilin Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının suverenliyi bərpa olunmuş ərazilərində genişmiqyaslı bərpa, yenidənqurma və inkişaf işləri həyata keçirilir.

Bu ərazilərin iqtisadi potensialının yenidən canlandırılması, infrastrukturun bərpası və əhalinin doğma yurdlarına qayıdışı dövlətin əsas prioritetlərindən biridir. Bu kontekstdə yeni istehsal müəssisələrinin qurulması və əhalinin məşğulluğunun təmin edilməsi həm iqtisadi, həm də sosial baxımdan mühüm əhəmiyyət kəsb edir.

Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkəmizdə ikinci yerə çıxıb

İşğaldan azad edilmiş ərazilərdə sənaye zonalarının yaradılması prosesi artıq geniş vüsət alıb. Xüsusilə, Ağdam, Cəbrayıl və Zəngilan rayonlarında sənaye parkları və aqroparkların qurulması istiqamətində real addımlar atılır. Məsələn, Ağdam Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin sayı sürətlə artır. Bunu prezident İlham Əliyevin Ağdama bir neçə gün öncə baş tutan səfəri fonunda da görmək mümkündür.

Qeyd edək ki, prezidenti İlham Əliyev cari iliniyulun 18-də “Tabaterra” MMC-nin Ağdam Sənaye Parkındakı tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib. Beləliklə, ölkəmizdə mövcud sənaye zonalarında fəaliyyət göstərən müəssisələrin sayı 99-a çatıb.Şübhəsizki, yeni müəssisənin fəaliyyətə başlaması ölkəmizdə qeyri-neft sektorunun inkişafına təkan verəcək, ölkənin ixrac coğrafiyasını genişləndirəcək, iqtisadiyyatın diversifikasiyasını sürətləndirəcək, əhalinin məşğulluğunun artırılmasına mühüm töhfə verəcək. Məlumat üçün qeyd edək ki, fəaliyyətə başlayan tütün məmulatlarının istehsalı müəssisəsinin investisiya dəyəri 58 milyon manatdır. Hazırda fabrikdə 400 nəfərlik daimi iş yeri yaradılıb. Müəssisədə 20-dən çox brend üzrə 120-dən artıq çeşiddə tütün məmulatı istehsal olunur. Almaniya, İtaliya və Böyük Britaniyanın qabaqcıl texnologiyalarının tətbiq edildiyi müəssisədə 9 istehsal xətti mövcuddur. İstehsal olunan məhsullar Birləşmiş Ərəb Əmirliklərinə, Gürcüstana, Özbəkistana və İraqa ixrac edilir. Hazırda “Tabaterra” MMC həm yerli, həm də “British American Tobacco” və “Japan Tobacco International” şirkətlərinə məxsus xarici brendlərin ixracını həyata keçirir. Yeni istehsal müəssisələri əsasən yerli resurslara əsaslanan sahələr üzrə qurulur. Tikinti materialları, kənd təsərrüfatı məhsullarının emalı, mebel və yüngül sənaye sahələri xüsusi diqqət mərkəzindədir. Bu sahələr, həm azad olunmuş torpaqların potensialına uyğun gəlir, həm də işçi qüvvəsinə olan tələbatı artırır. Bunu yenə Ağdam Sənaye Parkının timsalında görmək olar. İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov bildirib ki, Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 270 milyon manatdan çox olan 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 121 milyon manatdan çox investisiya yatırılıb, 650-dən artıq daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. E.Kazımov bildirib ki, Ağdam Sənaye Parkı işğaldan azad edilmiş ərazilərin bərpası, sənaye potensialının inkişaf etdirilməsi məqsədilə dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılıb. Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün əlverişli biznes mühiti formalaşdırılıb. Bunun nəticəsidir ki, Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkəmizdə mövcud sənaye zonaları arasında Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye parkıdır. Hazırda Ağdam Sənaye Parkında 10 müəssisə fəaliyyət göstərir, 7 müəssisənin tikintisi davam edir, 16 müəssisənin isə layihələndirilməsi işləri görülür. Ağdam Sənaye Parkının ərazisinin 70 faizdən çoxu artıq sahibkarların istifadəsinə verilib. Sənaye parkında sahibkarlar tərəfindən indiyədək 471 milyon manatdan çox məhsul satışı edilib ki, bunun da 17,7 milyon manatlıq hissəsi ixrac olunub. İstehsal edilən məhsullar daxili bazara satılmaqla yanaşı, “Made İn Azerbaijan” brendi adı ilə Gürcüstan, Birləşmiş Ərəb Əmirliklərinə, Özbəkistan, Qazaxıstan və sair ölkələrə ixrac edilir.

Müxtəlif vergi güzəştləri, subsidiyalar və investisiya təşviqi paketləri öz nəticəsini verir

Əhalinin işlə təmin olunması bölgənin sosial stabilliyi və davamlı inkişafı üçün həlledici əhəmiyyətə malikdir. Dövlət tərəfindən bu istiqamətdə bir sıra proqramlar icra olunur. “Böyük Qayıdış” proqramı çərçivəsində əhalinin öz yurdlarına qayıdışı ilə paralel olaraq məşğulluq imkanları da yaradılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramları sayəsində geri qayıdan ailələrə kiçik bizneslərin qurulması üçün dəstək göstərilir. Həmçinin, peşə hazırlığı kursları və təlimlər vasitəsilə əhalinin yeni bacarıqlar qazanması təmin olunur. Bu da onların istehsalat müəssisələrində çalışmasına şərait yaradır. İşğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın dirçəldilməsi üçün dövlətlə yanaşı, özəl sektorun da fəal iştirakı mühüm rol oynayır. Dövlət bu sahədə müxtəlif vergi güzəştləri, subsidiyalar və investisiya təşviqi paketləri təqdim edir. Bu təşviqlər nəticəsində bir çox yerli və xarici investorlar bölgədə istehsal müəssisələri yaratmaqda maraqlıdırlar. Yenə misal kimi Ağdam Sənaye Parkını göstərmək olar. Burada fəaliyyət göstərən sahibkarların dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilib. Eləcə də parkın rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən, 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar. Sənaye Parkında fəaliyyət göstərən sahibkarlara cari ilin 1 iyul tarixinə qədər 150 təsdiqedici sənəd verilib. Bu sənədlər əsasında sahibkarlar idxal olunan texnika və texnoloji avadanlıqlara görə 8,5 milyon manatdan çox vəsaitə qənaət ediblər. Yeni istehsal müəssisələrinin yaradılması və əhalinin işlə təmin olunması işğaldan azad olunmuş bölgələrin davamlı inkişafı üçün strateji əhəmiyyət daşıyır. Bu proses yalnız iqtisadi canlanma ilə məhdudlaşmır, həm də əhalinin sosial rifahının yüksəldilməsinə, bölgədə urbanizasiya və müasir həyat tərzinin formalaşmasına səbəb olur. Əhalinin qayıdışı ilə paralel olaraq təhsil, səhiyyə, nəqliyyat və kommunikasiya infrastrukturlarının qurulması da sürətlə davam edir. Bu isə istehsalat müəssisələrinin fəaliyyətini daha səmərəli və dayanıqlı edir.

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
84
12
baki-xeber.com

10Mənbələr