AZ

Azərbaycan Prezidentinin Şuşa Forumunda çıxışı ölkəmizin uzunmüddətli strategiyasının tezislərini özündə əks etdirir - ŞƏRH

Bakı, 23 iyul, AZƏRTAC

III Qlobal Media Forumunda Prezident İlham Əliyev geniş məzmunlu çıxışı ilə Şuşadan dünyaya Azərbaycanın haqq səsini ifadə etmiş oldu. Bu, həm Azərbaycan reallıqlarının beynəlxalq arenada təbliği, həm də ölkəmizin Qarabağda həyata keçirdiyi sürətli bərpa-quruculuq işlərinin bütün dünya tərəfindən tanınması baxımından mühüm əhəmiyyətə malikdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov söyləyib.

Deputatın sözlərinə görə, Şuşa Qlobal Media Forumunun Milli Mətbuat Gününün qeyd olunduğu ərəfədə keçirilməsi də xüsusi anlam daşıyır. Builki Foruma 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu qatıldı. Dövlətimizin başçısı üç saata yaxın media nümayəndələrinin suallarını ətraflı cavablandırdı və demək olar bütün mövzuları əhatə etdi. Artıq neçə gündür ki, xarici media Prezident İlham Əliyevin fikirlərinə geniş yer ayırmaqdadır. Bu, Azərbaycan Liderinin nüfuzundan, beynəlxalq müstəvidə ona olan maraqdan irəli gəlir.

“Forumda Azərbaycanın COP29-a uğurla ev sahibliyi, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması, Bakı ilə İrəvan arasında normallaşma prosesi, Zəngəzur dəhlizi məsələsi, Azərbaycan-ABŞ, Azərbaycan-Rusiya, Azərbaycan-Aİ münasibətləri, həmçinin ölkəmizin iqtisadi baxımdan cəlbediciliyi ilə bağlı Prezidentimizin mövqeyini dinlədik. Dövlətimizin başçısı bəyan etdi ki, Azərbaycan sülh prosesinin təşəbbüskarıdır, ölkəmiz bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir. Regionda sülh və təhlükəsizliyin təmin olunmasının Ermənistandan, daha dəqiq desək, rəsmi Bakının şərtlərinin yerinə yetirilməsindən asılı olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bununla tərəflərin sülhə yaxınlığı ilə bağlı nikbin mesaj da verdi. Bu, bir daha onu deməyə əsas verir ki, Ermənistan mövcud reallığı düzgün dəyərləndirməli və qərar verməlidir.

Dövlətimizin başçısının Forumdakı çıxışı Azərbaycanın mövqe və baxışlarını, xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirdi", - deyə A.Məmmədov diqqətə çatdırıb.

Deputat Azərbaycanın enerji və nəqliyyat sahələrindəki strateji rolunun Forumda ön plana çəkildiyini qeyd edərək bildirib: “Azərbaycanın iqtisadi göstəricilərini Forum iştirakçılarının diqqətinə çatdıran dövlətimizin başçısı dedi ki, xarici borcun ÜDM-dəki payının cəmi 6,9 faiz olması, yoxsulluğun aşağı səviyyəsi və Qarabağda həyata keçirilən iri infrastruktur layihələri ölkənin strateji və davamlı inkişaf modelinin göstəriciləridir. Bu sabitlik Azərbaycanın beynəlxalq maliyyə institutları və təşkilatlarla əlaqələrini möhkəmləndirir, ona diplomatik manevr imkanları verir. Həmçinin Cənub Qaz Dəhlizi və Zəngəzur dəhlizi kimi təşəbbüslər Azərbaycanın regional enerji və logistika mərkəzi mövqeyini gücləndirir. Bu layihələr həm Avropa enerji təhlükəsizliyinə töhfə verir, həm də Cənubi Qafqazda iqtisadi inteqrasiyanı stimullaşdırır”.

Ölkəmizin yaşıl gündəliyinin çox geniş olmasına da toxunan A.Məmmədov 2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında ən azı 6 giqavatlıq yaşıl enerjini, o cümlədən Günəş, külək və su elektrik enerjisini istehsal ediləcəyini vurğulayıb.

“Forumun əsas müzakirə mövzularından biri də süni intellekt dövründə informasiya təhlükəsizliyi və rəqəmsal media keçidinin idarə olunması idi. Azərbaycanda media sektorunun rəqəmsallaşması, süni intellektin media istehsalına və yayımına təsiri, dezinformasiya ilə mübarizədə texnoloji həllərin tətbiqi geniş analiz edilib. Bu dəyişikliklərə cavab vermək üçün ölkəmizin media ictimaiyyəti çevik, peşəkar və etik dəyərlərə sadiq şəkildə fəaliyyət göstərir.

Ümumiyyətlə, III Şuşa Qlobal Media Forumunda dövlətimizin başçısının çıxışı Azərbaycan dövlətinin regionda və beynəlxalq arenada tutduğu qətiyyətli mövqeyini ifadə etməklə yanaşı, həm də dövlətimizin uzunmüddətli strategiyasının tezisləri idi”, - deyə Anar Məmmədov fikirlərini yekunlaşdırıb.

Seçilən
29
1
azertag.az

2Mənbələr