Bakı, 23 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsi missiyası ilə yaradılıb. Ötən il 25 illik yubileyini qeyd edən ARDNF bu gün 66 milyard dollardan çox aktivləri idarə edir. Bu, Azərbaycanın ÜDM-in 90 faizindən çoxuna bərabərdir. ARDNF-nin 2024-cü il üzrə investisiya gəlirliliyi 6 faiz olub.
AZƏRTAC xəbər verir ki, Fond maliyyə bazarlarında uzunmüddətli kapital təminatçısı kimi, öz investisiya fəaliyyəti ilə Azərbaycanın indiki və gələcək nəsillərinin rifahına və qlobal miqyasda davamlı inkişafa töhfə verir. Məqsədlərinə nail olmaq üçün ARDNF dayanıqlı və çevik investisiya strategiyasına əsaslanmaqla, yüksək diversifikasiya olunmuş, 50-dən çox ölkəni, bütün əsas maliyyə aktivlərini və sektorları əhatə edən investisiya portfelinə malikdir.
İnvestisiya portfelini ən qabaqcıl təcrübələrə və peşəkar idarəetmə prinsiplərinə əsaslanaraq quran ARDNF gələcəkyönümlü qlobal institusional investor olaraq makroiqtisadi trendləri, o cümlədən, enerji keçidi, rəqəmsallaşma və nəqliyyat-logistika kimi sahələri izləyir və bu çərçivədə xüsusilə son zamanlarda müştərək və birbaşa strateji investisiya imkanlarını dəyərləndirməyə davam edir.
Bu imkanlardan biri də fond və bərpaolunan enerji sahəsində fəaliyyət göstərən beynəlxalq “Enfinity Global” şirkəti arasında imzalanan, İtaliyada yerləşən ümumi gücü 402 meqavat olan günəş fotovoltaik (PV) elektrik stansiyalarından ibarət portfeldə 49 faizlik iştirak payı əldə etməsini nəzərdə tutan müqavilədir. Müqavilənin başa çatmasından sonra “Enfinity Global” 51 faizlik payını qoruyaraq və İtaliyanın bərpaolunan enerji bazarındakı güclü mövqeyini möhkəmləndirərək bu aktivlərin effektiv idarəçiliyini həyata keçirəcək.
Qeyd olunan investisiya ARDNF-in uzunmüddətli investor kimi müəyyən edilmiş strateji hədəflərinə və mandatına uyğun şəkildə sabit və proqnozlaşdırılabilən gəlir mənbəyi yaratmaqla yanaşı, qlobal miqyasda dayanıqlı enerji keçidinə töhfə verir. Razılaşma çərçivəsində “Enfinity Global” İtaliyadakı layihə portfelinə investisiya tərəfdaşlarını cəlb edir. Bu, şirkətə mövcud layihələr üzrə kapital dövriyyəsini təmin etməyə və İtaliya üzrə 2,6 GVt günəş enerjisi və 5,3 GVt enerji saxlama gücünə malik layihələrin həyata keçirilməsini sürətləndirməyə imkan verir. Nəticədə, şirkətin ölkədə müstəqil enerji istehsalçısı (IPP) kimi lider mövqeyi daha da möhkəmlənir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban mövzu ilə bağlı AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycan Dövlət Neft Fondu İtaliyada imzaladığı son müqavilə ilə bağlı özünün investisiya coğrafiyasını genişləndirir, həmçinin investisiya portfelini şaxələndirir.
“ARDNF tərəfindən artıq başa düşülür ki, neft satışından əldə olunan gəlirlər azaldığı təqdirdə daha stabil, yeni gəlir mənbələrinə investisiya etmək lazımdır. Bundan öncə də fond Əbu-Dabidə yerləşən, qlobal alternativ investisiya şirkəti olan “Lunate Capital” (“Lunate”) tərəfindən idarə olunan ixtisaslaşmış investisiya fondu vasitəsilə “ADNOC Gas Pipeline Assets LLC” (“AGPA”) şirkətinə 50 milyon dollar həcmində investisiya yatırıb ki, bunun da stabil gəliri var. Digər tərəfdən əgər ARDNF-in 2024-cü ilin yekunları ilə bağlı açıqladığı hesabata diqqət yetirsək biz görürük ki, fond investisiya portfelində edilən yatırımlardan illik gəlirlilik səviyyəsini 6,2 faizə qədər yüksəldib. Nəzərə alsaq ki, bu kimi investisiyalar qeyri-likvid xarakter daşısalar da uzunmüddətli dövrdə daha yüksək gəlirlilik potensialına malikdirlər. Hesab edirəm ki, bu da gələcəkdə investisiyaların gəlirliyinin artırılmasına öz müsbət töhfəsini verəcək”, - deyə o diqqətə çatdırıb.