AZ

Beşinci “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları açıqlanıb

Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün qalibləri müəyyənləşib.

Müsabiqənin İşçi Qrupundan Herbiand.az-a bildirilib ki, final mərhələsində iştirak etmiş 124 namizəddən ən yüksək bal toplayan 20 nəfər qalib adını qazanıb. Ən gənc qalibin 24, ən yaşlı qalibin isə 39 yaşı var. Qalib gələn iştirakçıların 42.86 faizi dövlət, 57.14 faizi özəl sektorda çalışır.

Müsabiqə 5 mərhələdən — qeydiyyat, onlayn, əyani, yarımfinal və finaldan ibarətdir. Yarımfinal mərhələsi çərçivəsində namizədlər 9 səriştə üzrə (strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, etika və dürüstlük) ekspertlər tərəfindən qiymətləndiriliblər. Final mərhələsində isə iştirakçılar ekspertlər tərəfindən “İdarəçi rollar modeli” üzrə qiymətləndiriliblər.

Yarımfinal və final mərhələlərinə hazırlıq çərçivəsində qiymətləndirici ekspertlər üçün təlim proqramı təşkil olunub. Təlimlərə 153 ekspert cəlb edilib. Onlar real imtahan mühitinə yaxınlaşdırılmış simulyasiya olunmuş situasiyalar üzərindən iştirakçıların bacarıqlarını qiymətləndirməklə yanaşı, qiymətləndirmə meyarları, qiymətləndirmə mərkəzlərinin fəaliyyəti və ekspertlərin funksiyaları barədə də ətraflı məlumatlandırılıblar.

Xatırladaq ki, qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan və obyektivliyi ilə seçilən “Qiymətləndirmə konfransı (Assessment Conference)” metodu ilə həyata keçirilir. Bu metod hər bir iştirakçının performansına çoxşaxəli yanaşmanı təmin edir və yekun qərarların kollegial əsasda verilməsinə imkan yaradır, eyni zamanda, bu gün üçün dünyada ən etibarlı qiymətləndirmə metodu hesab olunur.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

Qeyd edək ki, finalda müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 124 nəfər iştirakçı mübarizə aparıb. Final mərhələsində iştirakçılar “İdarəçi rollar modeli” üzrə fərqli situasiyaları həll etməklə öz bilik və idarəetmə bacarıqlarını nümayiş etdiriblər.

Fevralın 28-də qeydiyyatına start verilən “Yüksəliş” müsabiqəsinə 16 min 553 iştirakçı müraciət edib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Dövlətimizin başçısı 2024-cü il dekabrın 18-də beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Seçilən
81
12
herbiand.az

10Mənbələr