“Qəzet və ümumilikdə mətbuat təkcə informasiya vasitəsi deyil, həm də tarixdir”
Ölkəmizdə milli mətbuatın 150 illik yubileyi ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Onlar arasında diqqətçəkən tədbirlərdən biri də Azərbaycan Nəşriyyatının təşkilatçılığı ilə baş tutan "MətbuArt" beynəlxalq incəsənət simpoziumudur. Bu sərgidə 17 əcnəbi, eyni zamanda 17 yerli rəssamın qeyri-standart texnika və materiallarla hazırladığı sənət nümunələri ziyarətçilərə təqdim edilir.
Sərginin əsas fərqləndirici cəhətlərindən biri də ekspozisiyanın poliqrafiyada istifadə olunmuş və sonradan yararsız sayılan köhnə materiallar əsasında qurulmasıdır. Kağız tullantıları, qəliblər, çap avadanlıqlarının qalıqları kimi vasitələr bu dəfə yaradıcı baxışla bənzərsiz sənət əsərlərinə çevrilib.
Layihənin təşkilində məqsəd həm mətbuatın 150 illik tarixi irsini sənət vasitəsilə nümayiş etdirmək, həm də poliqrafik ənənələrə yeni baxış gətirməkdir. Əsərlərdə əsas vurğu çap proseslərinin keçdiyi mərhələlərə, texnologiyaların zamanla dəyişməsinə və bu sahədə formalaşmış zəngin irsə yönəlib.
Simpoziumla bağlı Azərbaycan Nəşriyyatının baş direktoru Leyla Güləliyeva Sherg.az-a danışıb:
"Bu tədbir Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunub. Bilirsiniz, qəzet və ümumilikdə mətbuat təkcə informasiya vasitəsi deyil, həm də tarixdir. Orada yazılanlar yaddaşlarda qalır. Sənət əsərləri də eyni funksiyanı daşıyır. Biz, Azərbaycan Nəşriyyatı olaraq, bu simpozium vasitəsilə mətbuatla incəsənət arasında dialoq yaratmağa çalışdıq".
L.Güləliyeva həmçinin müasir dövrlə müqayisədə keçmişdə mətbuatın üzləşdiyi çətinliklərə də toxunub:
"Müasir jurnalistlər bir kliklə istənilən məlumatı asanlıqla əldə edə bilirlər. Əvvəllər bu, belə deyildi. Biz məlumat tapmaq üçün kitabxanalara gedir, saatlarla kitablar oxuyub, axtarış aparırdıq. Elə bu məkanda yerləşdirilmiş sənət əsəri də buna bənzər mövzudadır. Meksikalı rəssam Javier Astroganın "Kitabxana" əsərində maraqlı bir konsepsiya var. İdeyaya görə, ora gələn hər kəs bir kitab qoymalıdır. Çünki kitab hər şeyin təməlidir. Biz bu gün bir neçə saniyə ərzində informasiya əldə edə bilirik. Ancaq düşünək: bu informasiya necə yaranıb? Onun arxasında illərlə toplanan biliklər, çəkilən zəhmətlər dayanır. Biz isə sonda onu sadəcə bir kliklə əldə edirik".
"MətbuArt" beynəlxalq simpoziumunda iştirak edən tanınmış rəssam Rəna Ağayeva sərgi üçün hazırladığı əsərlər və yaradıcılıq prosesi ilə bağlı danışarkən bildirib ki, təqdim etdiyi əsərlərdən biri görkəmli maarifçi, publisist və mətbuatımızın banisi Həsən bəy Zərdabinin portretidir:
“Həsən bəy Zərdabinin portretini işləmək mənim üçün həm mənəvi məsuliyyət, həm də böyük qürur mənbəyi idi. Onun mətbuat tarixindəki rolunu nəzərə alaraq portreti irihəcmli, abstrakt üslubda ərsəyə gətirdim. Bu obrazı sadəcə vizual olaraq yox, ruhən də çatdırmağa çalışdım”.
R.Ağayeva əlavə edib ki, sərgidə yalnız Zərdabinin portretini təqdim etməklə kifayətlənməyib, onun ideyalarını başqa bir əsərində də bədii formada ifadə edib:
“Zərdabinin çox gözəl bir qayəsi var idi: "Şərin kökü nadanlıqdadır".
Mən bu düşüncəni digər əsərimdə hiss və duyğularla vizuallaşdırmağa çalışdım. Məqsədim onun maarifçilik fəlsəfəsini rənglər və formalar vasitəsilə ifadə etmək idi. İştirakçısı olduğum simpozium bizə çoxşaxəli təcrübə qazandırdı. Müxtəlif ölkələrdən gəlmiş sənətkarlarla bir arada işləmək, bilik və təcrübə mübadiləsi aparmaq hər birimiz üçün inkişaf baxımından faydalı oldu. Bu sərgi mətbuat tariximizi sənət dili ilə anlatmaqla yanaşı, cəmiyyətin maariflənməsinə də töhfə verir. Həm incəsənət ictimaiyyətinə, həm də geniş auditoriyaya ünvanlanan bu layihə bədii ifadə vasitəsilə tarix və ideyanı bir araya gətirir”.
Poliqrafiya üzrə mühəndis-texnoloq Rəhilə Məlikova isə sərginin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib: "Xüsusilə Nəşriyyatın direktoru Leyla xanımın bu prosesə göstərdiyi diqqət və rəhbərlik təqdirəlayiqdir. Hazırda mənim 76 yaşım var, amma bu gün də böyük həvəs və əzmlə fəaliyyətimi davam etdirirəm. Poliqrafiya mənim üçün sadəcə bir peşə deyil, eyni zamanda həyat tərzidir”.
Azərbaycan Nəşriyyatının əməkdaşı Muxtar Quliyev simpoziumun təşkilinə çox sevindiyini bildirib:
“Əvvəllər çap prosesi çox çətin və zəhmətli idi. Mən 1972-ci ildə bu sahədə işləməyə başlayanda qəzetlər, jurnallar və kitablar köhnə üsulla hazırlanırdı, hərflər əl ilə yığılırdı. Müasir texnologiyaların inkişafı bu prosesi xeyli sadələşdirib. Təşkil edilmiş Simpozium keçmişlə bu gün arasında körpü qurdu”.
Aybəniz Səfərova,
Yusif Sultanoğlu