Azərbaycanda heyvandarlıq sahəsində sığortanın təşviqi məqsədilə yeni təminat növlərinin əlavə edilməsi nəzərdə tutulur.
“Report” xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun (ASF) İdarə Heyətinin sədri Fuad Sadıqov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, layihəyə əsasən, heyvanların sığortasına balaatma, doğuş zamanı tələfat və yoluxucu olmayan digər xəstəliklər üzrə təminatlar da əlavə olunacaq, halbuki indiyədək sığorta yalnız yoluxucu xəstəlikləri əhatə edirdi.
F. Sadıqov, heyvandarlıq sahəsində ödənişlərin az olmasına münasibət bildirib: “Heyvandarlıq sahəsində ödənişlərin nisbətən az olmasının səbəbi isə bu heyvanların qapalı şəraitdə saxlanması və risklərin az olması ilə bağlıdır. Bitkiçilik isə açıq sahədə olduğu üçün hava və digər təbii risklərə daha çox məruz qalır. Lakin bu demək deyil ki, heyvandarlığa maraq daha az olacaq”.
Qeyd edək ki, “Aqrar sığorta haqqında” qanuna əsasən ölkədə aqrar sığorta sistemi dövlət-özəl əməkdaşlıq prinsipləri əsasında qurulub. Aqrar Sığorta Fondu dövlət tərəfindən təsis olunan və riskləri daşıyaraq sığorta ödənişini həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. İdarəedici şirkət isə qeyri-həyat lisenziyasına malik olan sığorta şirkətləri tərəfindən təsis olunan və sığorta müqavilələrinin bağlanmasını təşkil edən müştərək sığortaçıdır. Aqrar sığorta müqaviləsi sığortalı və İdarəedici Qurum tərəfindən bağlanır. İdarəedici Qurum - Aqrar Sığorta Fondun adından aqrar sığorta sisteminin idarəedilməsini həyata keçirən müştərək sığortaçıdır. İdarəedici qurum Azərbaycan ərazisində qeyri-həyat sığortası sahəsi üzrə fəaliyyətə lisenziyaya malik olan hüquqi şəxslər tərəfindən açıq səhmdar cəmiyyəti təşkilati hüquqi formasında bərabər səhmlərlə yaradılır və fəaliyyət göstərir.