Türkiyə Qars-Iğdır-Aralık-Sədərək dəmiryolu layihəsini inkişaf etdirmək üçün 2,4 milyard avro kredit alacaq.
Sitat.info xəbər verir ki, bu barədə "Anadolu" Agentliyi məlumat əldə edib.
Məlumatda qeyd olunub ki, Türkiyənin iqtisadi və sosial infrastrukturunu gücləndirmək üçün orta müddətli proqramda nəzərdə tutulan “dövlət infrastruktur investisiyalarının aktivləşdirilməsi” hədəfi istiqamətində addımlar atılmağa davam edir.
Layihənin maliyyələşdirilməsi ilə bağlı Türkiyənin Xəzinədarlıq və Maliyyə Nazirliyi ilə Yaponiyanın MUFG Bankı arasında müqavilə imzalanıb.
Bildirilib ki, İsveç və Avstriyanın EKN və OeKB ixrac kredit agentliklərinin, eləcə də İslam İnkişaf Bankının nəzdində fəaliyyət göstərən İslam İnvestisiya Sığortası və İxrac Kredit Şirkətinin zəmanəti ilə maliyyələşmədə müxtəlif beynəlxalq banklar və institusional investorlar iştirak ediblər.
Vurğulanır ki, Nəqliyyat və İnfrastruktur İnvestisiyaları Baş İdarəsi tərəfindən həyata keçirilən layihə, davamlı infrastruktur yanaşması ilə Türkiyə ilə Naxçıvan arasında dəmir yolu əlaqəsi quraraq regional nəqliyyat və ticarət axınlarının inkişafına töhfə verəcək.
Qeyd olunub ki, layihə regional istehsal mərkəzlərinin inteqrasiya olunmuş inkişaf perspektivi ilə beynəlxalq bazarlara çıxışını gücləndirəcək.