Yer üzündə insanlar çirkli havaya görə iki il daha az yaşayacaq.
Medicina.az xəbər verir ki, bu, tədqiqatçıların gəldiyi acı bir nəticədir.
Planet əhalisinin ömrü əvvəlki əsrlərə nisbətən artır, lakin bir müddətdir ki, bu rəqəm azalmağa başlayıb.
Tədqiqatçılar müəyyən ediblər ki, hətta ABŞ və Böyük Britaniya kimi inkişaf etmiş ölkələrdə də zərərli tullantılar hesabına bu gün doğulanların gözlənilən orta ömür uzunluğu artıq 4 ay azalacaq.
Lakin Çin kimi ekoloji cəhətdən daha pis ölkələrdə vəziyyət nəzərəçarpacaq dərəcədə pisdir. Hindistan və Misir kimi ölkələrdəbu gün doğulan insanların gözlənilən orta ömür uzunluğu bir il yarımdan iki ilə qədər azalacaq.
Ümumdünya Səhiyyə Təşkilatı Hindistanın paytaxtı Yeni Dehli və Misirin paytaxtı Qahirəni dünyanın ən çirkli iki şəhəri adlandırıb. Ostindəki Texas Universitetinin tədqiqatçıları qeyd edirlər ki, elm adamları əvvəllər havanın çirklənməsindən nə qədər insanın öldüyünə diqqət yetirsələr də, ilk dəfədir ki, onun ümumi ömür uzunluğuna təsirini ölçmək qərarına gəliblər.
Bunun üçün tədqiqatçılar atmosferdə elektrik stansiyaları, fabrik bacaları, təyyarələr, meşə yanğınları və toz fırtınaları kimi müxtəlif mənbələr tərəfindən havaya buraxılan kiçik PM2.5 hissəciklərinin səviyyəsini ölçdülər. Kiçik ölçülərinə görə, PM2.5 hissəcikləri atmosferdə daha uzun müddət qalır və bu, onların tənəffüslə orqanizmə düşmə ehtimalını artırır. Onlar həmçinin ağciyərlərə daha dərindən nüfuz edir və qan dövranına daxil olurlar. Bu hissəciklərə məruz qalma ağciyər və ürək xəstəlikləri riskini artırır, həmçinin astma və bronxit kimi xroniki vəziyyətləri pisləşdirir, nəticədə ömür qısala bilir.
Aygün Musayeva
Medicina az