AZ

Azərbaycanın tikinti materiallarının Avropa bazarına çıxışında əsas maneələr açıqlanıb

Azərbaycanda istehsal olunan tikinti materiallarının Avropa bazarına çıxışı hələlik müəyyən standart və logistika tələbləri səbəbindən məhduddur.

Bu barədə  “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” İctimai Birliyinin (ATİA) sədri Ramiz İsayev məlumat verib.

Onun sözlərinə görə, hazırda yerli tikinti materiallarının əsas ixrac istiqamətləri Qazaxıstan, Gürcüstan və Türkmənistandır: “Bəzi məhsullar həmçinin Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə də tədarük olunur. Avropa bazarına çıxış hazırda məhdud olsa da, texnoloji imkanlar və sertifikatlaşdırma sahəsində irəliləyişlər bu istiqamətin gələcəkdə genişlənməsinə imkan verə bilər”.

ATİA sədri qeyd edib ki, tikinti sektorunda innovasiya və rəqəmsallaşma prosesi hələ ilkin mərhələdə olsa da, inkişaf dinamikası müşahidə olunur:

“Bəzi iri şirkətlər artıq rəqəmsal idarəetmə sistemlərinə keçid edib. Lakin ümumi sektorda bu proses geniş yayılmayıb. Assosiasiya bu sahədə maarifləndirmə işləri aparır və texnoloji dəstək mexanizmləri üzərində çalışır. Gələcəkdə dövlət dəstəyi və texnologiya transferləri bu prosesin sürətlənməsinə təkan verəcək”.

R. İsayevin sözlərinə görə, rəhbərlik etdiyi assosiasiya dövlət və beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir:

“Biz Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, İqtisadiyyat Nazirliyi, Mediasiya Şurası, Dövlət Statistika Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və digər qurumlarla birlikdə sektorun tənzimlənməsi və normativ bazanın təkmilləşdirilməsi istiqamətində birgə fəaliyyət göstəririk”.

Assosiasiyanın beynəlxalq tərəfdaşları arasında ABŞ, Meksika, Səudiyyə Ərəbistanı, BƏƏ, Türkiyə, Çin və Qazaxıstan kimi ölkələrin dövlət və özəl müəssisələri də yer alır.

“Bu çərçivədə üzv şirkətlərin beynəlxalq sərgi və forumlarda iştirakı təşkil olunur, məqsəd isə yerli şirkətlərin qlobal bazarlara çıxışını təşviq etmək və Azərbaycanın tikinti sənayesini xaricdə tanıtmaqdır. Assosiasiya ixrac potensialının artırılması məqsədilə xarici ölkələrdə keçirilən sərgilərdə Azərbaycan milli stendlərinin təşkili ilə iştirak edir. Eyni zamanda dövlət qurumları ilə birlikdə keçirilən ticarət missiyaları və B2B görüşləri bu prosesə mühüm töhfə verir. Gələcəkdə bu fəaliyyətlərin xüsusilə kiçik və orta biznes (KOB) subyektləri üçün daha əlçatan olması bizim əsas hədəflərimizdəndir”, – R.İsayev bildirib.

ATİA sədri qeyd edib ki, sektorun davamlı inkişafı üçün sənaye parklarının genişləndirilməsi, beynəlxalq uyğunluq mexanizmlərinin gücləndirilməsi, yerli sertifikatlaşdırma sistemlərinin modernləşdirilməsi, texniki kadrların hazırlanması və innovasiyaya əsaslanan istehsalatın təşviqi təşkilatın strateji prioritetləridir.

Onun sözlərinə görə, hazırda 200-dən çox üzvü olan Assosiasiya bu hədəflərə çatmaq üçün həm ölkə daxilində, həm də beynəlxalq platformalarda fəaliyyətini davam etdirir.

MənbəREPORT
Seçilən
90
28
banker.az

10Mənbələr