Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə Şamaxıda jurnalistlər arasında minifutbol turniri təşkil olunub. Turnir "Avrora Qrup"un sponsorluğu, İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Şamaxı Olimpiya İdman Kompleksində keçirilib.
AZƏRTAC xəbər verir ki, iki gün davam edən yarışda 30-dan çox media qurumunun nümayəndələri iştirak ediblər. Turnirin 3-cü yer uğrunda görüşündə informasiya agentlikləri və qəzetlərin jurnalistlərindən ibarət “Əkinçi” komandası ictimai-siyasi xəbər saytlarının təmsilçilərindən ibarət “Ziya” kollektivi ilə qarşılaşıb. Görüş “Əkinçi” komandasının 7:3 hesablı qələbəsi ilə başa çatıb.
Final oyununda isə televiziya işçilərindən ibarət “Kaspi” komandası idman saytlarının nümayəndələrindən formalaşan “Kəşkül” komandası ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Kaspi” komandası 3:1 hesabı ilə qalib gələrək çempion olub.
Turnirin sonunda keçirilən mükafatlandırma mərasimində “Kaspi”, “Kəşkül” və “Əkinçi” komandaları müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif olunublar. Bütün iştirakçılara fəxri fərmanlar təqdim edilib.
Turnirin ən yaxşı qapıçısı “Kəşkül” komandasının üzvü Kənan Məstəliyev, ən yaxşı oyunçusu isə “Kaspi”nin futbolçusu Nurani İsgəndərov seçilərək xüsusi mükafatla təltif olunublar.
Tədbirin sonunda iştirak edən şəhid ailələrinin üzvlərinə fəxri fərmanlar və "Avrora Qrup"un hədiyyələri təqdim olunub.