ain.az bildirir, Cebheinfo portalına istinadən.
Xəbər verdiyimiz kimi, Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə media nümayəndələri təltif edilib.
Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, milli mətbuatın inkişafında xidmətlərinə görə bir sıra jurnalistlər və media nümayəndələri təltif olunublar. “Türküstan” Media Qrupunun rəhbəri, “Tərəqqi” medalına layiq görülən Aqil Camal təəssüratlarını “Cebheinfo.az”-la bölüşüb. Aqil Camal bildirib ki, Azərbaycan mətbuatının 150 illiyində təltif olunmaq ikiqat bayram oldu:
“Azərbaycanda, ümumiyyətlə, bütün dünyada jurnalist fəaliyyəti digər sahələrdən fərqlənir. Çünki medianın fəaliyyəti nəticə etibarilə geniş kütlələrə nüfuz edir, hətta müasir informasiya texnologiyaları sayəsində yalnız bir ölkə ilə məhdudlaşmayaraq, ölkə sərhədlərini aşan təsir gücünə malikdir. Bu baxımdan, medianın günü və yubileyləri hər zaman cəmiyyət tərəfindən bayram kimi qeyd olunur.
Belə günlərdə jurnalistlərin mükafatlandırılması, təltif olunması hər zaman cəmiyyətin diqqət mərkəzindədir. Azərbaycan mətbuatının 150 illiyi münasibətilə mənim də bir qrup həmkarımla birlikdə Azərbaycan Prezidenti tərəfindən təltif olunmağı bizim üçün ikiqat bayram oldu”.
O qeyd edib ki, belə əlamətdar günlərdə dövlət başçısı tərəfindən jurnalist əməyinin qiymətləndirilməsi olduqca qürurvericidir:
“Mənim jurnalist fəaliyyətim bundan əvvəl, 130, 135, 140, 145 illik yubileylər dövrünə düşüb. Amma hər halda 150 illik digərlərindən fərqlənir. Etiraf edim ki, 150 illik yubiley daha fərqli və xüsusi oldu.
Hesab edirəm ki, məhz bu yubiley ərəfəsində təltif olunmağımız bizim üçün xüsusi bir şans idi. Əlbəttə ki, əsl və peşəkar jurnalistlərin əsas məqsədi dövlət mükafatı və ya hansısa təltif deyil. Ümumiyyətlə, jurnalistika cəmiyyət qarşısında minnətçiliklə fəaliyyət göstərməməlidir, sanki bu təbəqə, bu peşə digər sahələrdən daha çox fədakarlıq göstərir, xeyr.
Amma 44 günlük Vətən müharibəsi dövründə açıq şəkildə göründü ki, savaşın iki cəbhəsi var. Ordumuz döyüş meydanında, Azərbaycan mediası isə informasiya məkanında mübarizə aparırdı. Azərbaycan mediası bu informasiya savaşında uğurlu oldu. Bu baxımdan, belə əlamətdar günlərdə dövlət başçısı tərəfindən müəyyən qədər fəaliyyəti ilə seçilən jurnalistlərin dəyərləndirilməsi bizim üçün qürurvericidir və bunun üçün təşəkkür edirik”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər:
“Tərəqqi” medalı Mətbuatın 150 illiyi Aqil Camal
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.