Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"X" (əvvəlki “Twitter”) sosial şəbəkəsi Fransa səlahiyyətliləri tərəfindən irəli sürülən ittihamları rədd edib.
Yeniavaz.com CNBC-yə istinadən xəbər verir ki, şirkət, Fransada "alqoritm manipulyasiyası" və "saxta məlumatların yayılması" ilə bağlı aparılan cinayət təhqiqatı çərçivəsində prokurorların tələb etdiyi məlumatları təqdim etməyəcəyini bəyan edib.
"Fransa hakimiyyəti “X”ə qarşı siyasi motivli cinayət təhqiqatı aparır", – deyə "X"in rəsmi bəyanatında bildirib. Şirkət prokurorların tövsiyə alqoritminə və platformadakı yazıların real vaxt məlumatlarına tam giriş istəməsini sərt şəkildə tənqid edib. Məlumatların təhlili üçün cəlb olunan iki ekspert – Paris Kompleks Sistemlər İnstitutunun direktoru David Kavalarias və institutun AI platforması rəhbəri Maziar Panahi – “X” tərəfindən “qərəzli və düşmən mövqedə olan şəxslər” kimi təqdim olunub.
CNBC-yə görə, Fransa prokurorları bu ilin əvvəlində “X”in alqoritminin xarici müdaxilə üçün istifadə edildiyi şübhələri ilə istintaqa start verib. Təhqiqat, biri millət vəkili, digəri isə dövlət rəsmisi tərəfindən edilən şikayətlər əsasında başlanıb. İyulda isə Fransa Milli Polisi istintaqı üzərinə götürüb.
Fransa prokurorluğunun açıqlamasına əsasən, istintaq sistemlərin sındırılması və saxta məlumatların yayılması iddialarına fokuslanır. Prokuror bildirib ki, şəxsi məlumatlara deyil, alqoritmin işləmə mexanizminə texniki baxış həyata keçiriləcək.
“X”dən verilən məlumata görə, ekspertlərdən biri – Kavalarias daha öncə istifadəçiləri platformanı tərk etməyə çağıran "Escape X" kampaniyasını başladıb, Panahi isə onunla birgə layihələrdə iştirak edib. “Belə şəxslərin istintaqa cəlb edilməsi onun obyektivliyinə ciddi şübhələr yaradır”, – deyə şirkətdən bildirilib.
Qeyd edək ki, Elon Musk 2022-ci ildə “Twitter”i 44 milyard dollara alıb, daha sonra onun adını "X" ilə əvəz edib. 2025-ci ilin martında isə platformanı AI startapına 45 milyard dollara satıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.