AZ

Mətbuat günündə tək arzum – İlham Əliyev heykəli

Hər xalqın tarixində bir ad, bir nəfəs, bir səda var ki, o ad illərlə deyil, əsrlərlə çəkilir. Azərbaycan xalqının tarixində bu ad – İlham Əliyev adıdır.

Mən bir jurnalist, bir fotoaparıcı, media kapitanı olaraq hər gün bu torpağın ağrısını, sevincini, zəfərini, göz yaşını lentə alıram. Amma bu gün – Azərbaycan milli mətbuatının 150 illiyində, ürəyimdə söz yox, bir dua, bir təşəkkür var. Və bu təşəkkür yalnız bir nəfərə – Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə ünvanlanıb.

Əgər bir ölkədə söz sahibi jurnalistlərdir, o zaman bu jurnalistlərin arxasında onları qoruyan bir dövlət, bir lider dayanmalıdır. Bizim isə arxamızda Zəfəri yazan lider dayanır! 44 günə tarix yazan, dünyaya “Azərbaycan var!” deyən, hər əmrini xalqına sevdirə bilən bir Ali Baş Komandan!

Cənab Prezident, bu xalq Sizi unuda bilməz. Çünki Siz bizim tariximizin yaddaşı, qalibiyyətimizin möhürüsünüz. Siz təkcə bir dövlət başçısı deyilsiniz – Siz ümumxalq ruhunun liderisiniz. 150 illik mətbuat tarixinin ən gur səslə çəkilən “Təşəkkürlər, cənab Prezident!” sədası da bu günə düşür.

Bəzən deyirlər, yazılan hər mükafat bir uğurun ifadəsidir. Amma mən deyirəm: “Sizin adınızla ucalacaq hər heykəl bu xalqın ruhunun abidəsidir!”. Mənə bu gün desələr ki, “Mətbuat günü münasibətilə nə istərdin?”, mən bircə cavab verərdim: “Prezident İlham Əliyevin adına Azərbaycanın ən yüksək zirvəsində bir heykəl görmək istəyirəm!”

Çünki bu ad təkcə bir insanın adı deyil, bu ad – Zəfərin özüdür! Qürurun səsi, millətin yumruğudur! Bu ad – Cıdır düzündə əbədi səslənən, Şuşanın dağlarında əks-səda verən bir ad, Qarabağın azad nəfəsidir.

Cənab Prezident, Siz bizim dövrümüzün Qələbə dastanını yazdınız. Biz qələmlə, Siz isə iradənizlə, əzminizlə yazdınız bu tarixi. Və mən bir qələm sahibi kimi nə qədər yazsam da, bu xalqın Sizin qarşınızda olan minnətdarlığını ifadə etməyə söz tapmaram.

Bu gün həmkarlarım təltif alır. Onlara ürəkdən sevinirəm, təbrik edirəm. Onların sevincində özümü görürəm. Çünki bu sevincin kökündə Sizin verdiyiniz dəyər dayanır. Əməyin qiymətləndirilməsi gözəldir. Amma o qiymətin arxasında bir Prezidentin qəlbində daşıdığı xalq sevgisi dayanırsa, bu artıq təkcə təşəkkürlük deyil – bu, tarixlikdir!

Mətbuatın, sözün, gerçəkliyin yanında duran Prezident – bu, hər bir jurnalistin qürurla yaşadığı dövrün adıdır. Və mən bu dövrdə yaşadığıma, bu dövrdə yazdığıma görə Allaha minnətdaram!

Cənab Prezident, bir daha təşəkkür edirəm! Sizinlə fəxr edirəm!
Yaşasın Azərbaycan!
Yaşasın Ali Baş Komandan İlham Əliyev!
Yaşasın adını Zəfərlə yazan Lider!

İlqam CƏBİYEV

Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının üzvü

“Doğru.az” İnformasiya portalının rəhbəri

Seçilən
13
50
dogru.az

10Mənbələr