AZ

Azərbaycan–Rusiya münasibətləri tənəzzüldə: Bu gedişat nə ilə bitəcək? - ŞƏRH

Son aylarda Azərbaycanla Rusiya arasında münasibətlərdə nəzərəçarpacaq gərginlik müşahidə olunur. İkitərəfli əlaqələrə kölgə salan bir sıra hadisələr, o cümlədən Rusiya ərazisində yaşayan azərbaycanlı iş adamlarına qarşı artan təzyiqlər, hüquq-mühafizə orqanlarının əsassız yoxlamaları və saxlamaları, media təbliğatında anti-Azərbaycan ritorikasının güclənməsi narahatlıq doğurur.

Bu fonda Azərbaycan cəmiyyətində və siyasi dairələrdə Rusiyanın davranışlarına qarşı ciddi suallar yaranmağa başlayıb. Ekspertlər və müşahidəçilər son prosesləri Moskvanın Cənubi Qafqaz siyasətində təzyiq alətlərindən istifadə cəhdi kimi qiymətləndirirlər.

Maraqlıdır görəsən, Azərbaycan-Rusiya münasibətləri çətin mərhələdən keçir? Bu gedişat nəyi göstərir? Turkustan.az olaraq bu suallarımızı politoloq Oqtay Qasımova ünvanladıq.

Oqtay

Oqtay Qasımov

Azərbaycanla Rusiya arasında münasibətlər hazırda heç də yaxşı deyil. Son yeddi ay ərzində Rusiya tərəfindən Azərbaycana qarşı qeyri-adekvat və tərəfdaşlığa yaraşmayan addımlar atılıb. Bunlara Azərbaycan təyyarəsinin vurulması, media məkanına kiber hücumlar, Milli Məclisin üzvünün deportasiyası, eləcə də azərbaycanlılara qarşı başlanan kampaniya və repressiyalar, o cümlədən vətəndaşlarımızın qətlə yetirilməsi kimi hadisələr daxildir. Bütün bu proseslər şübhəsiz ki, ikitərəfli münasibətlərə ciddi mənfi təsir göstərir. Hazırda kifayət qədər gərgin bir dövr yaşanır.

Bu məsələlərə münasibət Azərbaycan Prezidenti tərəfindən Şuşa Media Forumunda da açıq şəkildə ifadə olundu. Əslində, Rusiya ilə Azərbaycan arasında münasibətlər tarix boyu hər zaman hamar olmayıb. Buradakı əsas problem ondan ibarətdir ki, Rusiya dövləti keçmiş postsovet ölkələrinə, o cümlədən Azərbaycana münasibətdə hələ də imperiya düşüncə tərzi ilə yanaşır və bərabər hüquqlu əməkdaşlıq prinsiplərinə hörmətsizlik nümayiş etdirir.

Azərbaycanın tələbi isə çox sadə və haqlıdır: Rusiya Azərbaycanın müstəqilliyinə hörmət etməli və onunla bərabər hüquqlu tərəfdaş kimi davranmalıdır. Mövcud gedişat göstərir ki, yaxın müddətdə, xüsusilə Rusiya mediasında baş verən informativ hücumlar, Azərbaycana qarşı nifrət və qərəzli təbliğatın güclənməsi fonunda münasibətlərdə yumşalmadan danışmaq çətindir.

Rusiyanın Azərbaycana təzyiq göstərmək yolu ilə istədiyinə nail olacağına dair ciddi şübhələr var. Azərbaycan bu təzyiqləri qəbul etməyəcək və onun müqavimət potensialı kifayət qədər yüksəkdir. Sonda ümid etmək olar ki, Rusiyada müəyyən dairələrdə rasional düşüncə tərzi üstünlük təşkil edəcək və münasibətlərin normallaşması mümkün olacaq. Yaxın perspektivə baxdıqda isə əgər bu il ərzində Azərbaycanın irəli sürdüyü tələblər, xüsusilə də təyyarəmizin vurulması ilə bağlı məsələ ədalətli şəkildə həll olunmazsa, münasibətlərin normallaşması gözlənilən deyil.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
21
50
turkustan.az

10Mənbələr