İyulun 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov Milli Mətbuat Günü münasibətilə bir qrup jurnalistlə görüş keçirib.
AzEdu.az xəbər verir ki, universitetdə keçirilən görüşdə rektor Rüfət Əzizov jurnalistləri salamlayaraq Milli mətbuatın yaranmasının 150-ci ildönümü münasibətilə onları təbrik edib. O, Azərbaycanın mətbuat tarixindən danışaraq qeyd edib ki, “Əkinçi” qəzeti ilə başlanan milli mətbuatımız xalqımızın milli inkişafında və birliyinin möhkəmlənməsində mühüm rol oynayıb.
Rektor çıxışında möhtərəm Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfərdən də söz açıb. Bildirib ki, bu müharibədə jurnalistlərimiz informasiya savaşında yüksək peşəkarlıq nümayiş etdiriblər:
“Müasir dövrdə döyüş meydanında aparılan müharibə ilə yanaşı, informasiya müharibəsində də üstünlük qazanmaq əsas şərtdir. Peşəkar jurnalistlərimiz beynəlxalq müstəvidə informasiya cəbhəsində böyük səy göstərdilər.”
Rektor əlavə edib ki, digər sahələrdə olduğu kimi, milli mətbuatımızın inkişafında da Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri var. Məhz Ulu Öndərin Sərəncamı ilə 1995-ci ildən etibarən iyulun 22-si Milli Mətbuat Günü kimi qeyd olunur və mətbuatımızın inkişafı ilə bağlı müxtəlif proqramlar həyata keçirilir.
Görüşdə dosent Rüfət Əzizov ali təhsilin inkişafı istiqamətində həyata keçirilən islahatlardan da danışıb, ADNSU-da tədris prosesi, mövcud şərait və perspektiv layihələr haqqında jurnalistlərə məlumat verib. O, media ilə sıx əməkdaşlığın universitetdəki yeniliklərin geniş ictimaiyyətə çatdırılmasında mühüm rol oynadığını vurğulayıb.
Sonda rektor jurnalistlərin suallarını cavablandırıb, səmərəli əməkdaşlığa, həmçinin təhsilin, elmin və medianın inkişafına verdiyi töhfələrə görə onlara təşəkkürnamələr təqdim edib və xatirə şəkilləri çəkilib.