AZ

ATƏT MQ-nin həmsədrlərinə növbəti əsaslı ittiham - onların hər 3-ü...


Elşən Manafov: “Ölkəmiz çox böyük çətinliklərlə reallıqları öz xeyrinə dəyişərək torpaqları işğaldan azad etdi”

Prezident İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşdə çıxışında bildirib ki, İkinci Qarabağ müharibəsinə qədər bir çox faktor əleyihimizə idi:

“İrəlidə 5-6 müdafiə xətti var idi. Biz hamımız əzəli torpaqlarımızı qaytarmaq arzusu ilə yaşamışıq. Relyef, beynəlxalq vəziyyət bizim əleyhimizə idi. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin hər biri şəxsi səbəblərə görə Ermənistanın tərəfində idi və hər biri bu vəziyyətin əbədi davam etməsinə çalışırdı. Ona görə də bu status-kvo dəyişmirdi. Hətta bəzən inanılmaz diplomatik səylərlə həmsədr ölkələr adından hansısa bəyanatla çıxış etməyə müvəffəq olanda, bir müddət sonra bu təkzib edilirdi. 17 il ərzində çoxlu təkliflər, çoxlu görüşlər oldu, – bəlkə də heç də faydalı olmayan, – və çoxlu mesajlar alırdıq ki, reallıqla barışmaq lazımdır. "Reallıq budur, siz bununla barışmalısınız”. Mən deyirdim ki, xeyr. Bu, dünya güclərinə bir çağırış kimi qəbul olunurdu, qeyri-adekvat reaksiya kimi dəyərləndirilirdi. Əsas narrativ isə bu idi – görürsünüz, onlar razılaşmır, onlara separatçılara şərti müstəqillik verilməsi müqabilində nəsə təklif olunur, amma onlar razılaşmırlar”.

“Vasitəçilərin əsas məqsədi cəmiyyəti və dövlətçiliyi mövcud reallıqlarla barışmağa sövq etmək, xalqın iradəsini qırmaq olub”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov bildirdi ki, Azərbaycan çox böyük çətinliklərlə reallıqları öz xeyrinə dəyişərək torpaqları işğaldan azad etdi: “İkinci Qarabağ müharibəsinin başlamasına görə məsuliyyət Ermənistan iqtidarının və ona beynəlxalq müstəvidə dəstək verən qlobalist dairələrin üzərinə düşür. Paşinyan iqtidarının Cənubi Qafqazda geosiyasi düzəni Qərbdəki bəlli dairələrin xeyrinə dəyişmək cəhdi, habelə Qarabağdakı separatçı rejimin dövlətçiliyimizi təhdid edən hərəkətləri, nəhayət Azərbaycana məxsus neft-qaz kəmərlərinin sıradan çıxarılması üçün əvvəlcədən düşünülmüş ssenari rəsmi Bakını dövlətçiliyi və vətəndaşlarını qorumaq üçün adekvat addımlar atmaq məcburiyyəti qarşısında qoydu. Bu müddət ərzində rəsmi Bakı problemin sülh və danışıqlar yolu ilə həllini tapması üçün ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan bütün danışıqlarda iştirak edib. Bununla da, beynəlxalq birliyə problemin məhz sülh yolu ilə və beynəlxalq hüquqa uyğun olaraq nizamlanmasında maraqlı olması ilə bağlı mövqeyini beynəlxalq birliyə çatdırmağa çalışıb. Təəssuf ki, bu müddət ərzində danışıqlarda əsas məqsəd xalqı və dövlətçiliyi mövcud reallıqlarla barışmağa sövq etmək, xalqın iradəsini qırmaq olub. Lakin Azərbaycan hakimiyyətinin bütün bu müddət ərzində cəmiyyəti vətənpərvərlik notlarına kökləmək üçün apardığı məqsədyönlü iş, neft və qaz diplomatiyasının dövlətçiliyimizə yaratdığı imkanlardan düzgün və səmərəli istifadə etməsi, qeyri-neft sahəsində və iqtisadiyyatın rentabelliyini təmin etmək üçün digər sahələrdə apardığı uğurlu islahatlar, əldə edilən gəlirlərin silahlı qüvvələrin modernləşdirilməsi üçün yönəldilməsi, beynəlxalq birliklə aparılan səmərəli danışıqlar, informasiya müharibəsində əldə edilmiş uğurlar dövlətçiliyə düşmən mövqedə duran qüvvələrin məkrli planlarının qarşısını aldı”.

Politoloqun fikrincə, müharibə ərəfəsində lehimizə və əleyhimizə olan faktorlardan səmərəli istifadə və onların zərərsizləşdirilməsi Prezident Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olub: “ATƏT-in Minsk Qrupunda təmsil olunan həmsədr dövlətlərin başlanmış olan hərbi əməliyyatlara münasibəti fərqli və birmənalı olmayıb. Qərbin qlobalist dairələrlə baglı bürokratik və siyasi dairələri Ermənistana aşkar və ya dolayısı ilə dəstək olmağa çalışıblar. Rusiyanın Paşinyan hakimiyyətinin Qərbyönümlü siyasətinə görə başlanmış müharibəyə münasibəti bəlli amillərə görə Qərbdən fərqlənib. Əsasən beynəlxalq hüquqa söykənib. Zira rəsmi İrəvanın Rusiyanı, habelə KTMT-nin digər üzvlərini müharibəyə cəlb etmək cəhdləri səmərəsiz qalıb. Bəlli hərbi siyasi blok, müttəfiqi olsa belə, Ermənistanı müdafiə etməkdən imtina edib. Çünki müharibə Ermənistan ərazisində getmirdi. Azərbaycanın təcavüz etmədiyini, əksinə, BMT Nizamnaməsinə və qətnamələrinin ruhuna uyğun olaraq öz torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizə apardığını etiraf edib. Bu, Ermənistan iqtidarına qurşaqdan aşağı endirilən zərbə təsiri bağışlamış və özündən qat-qat güclü olan bir tərəflə müharibədə onun labüd məğlubiyyətini qaçılmaz etmişdi. Bu konteksdə əgər Ermənistan sülh və əmniyyət içərisində yaşamaq istəyirsə, əlbəttə, rəsmi Bakının sülh müqaviləsi ilə bağlı irəli sürdüyü təklifləri qəbul etməli, ölkənin əsas qanununa müvafiq dəyişikliklər edilməli, ATƏT-in Minsk Qrupunun buraxılmasına razılıq verilməlidir. Onsuz da Ermənistanın Qarabağ torpaqları üzərində Azərbaycanın suveren hüquqlarını tanımasından sonra belə bir təşkilatın fəaliyyətinə lüzum qalmır. Bu təşkilat Qarabağ probleminin nizamı məqsədilə təsis edilmişdi. Bəlli problemin həllindən sonra isə onun bundan sonrakı fəaliyyəti həm sağlam məntiqə, həm də beynəlxalq hüququn özünə ziddir”.

Vidadi ORDAHALLI

Seçilən
10
50
baki-xeber.com

10Mənbələr