AZ

"WeTransfer"də süni intellekt böhranı: İstifadəçi etirazları geri addıma səbəb oldu

Texnologiya şirkətləri süni intellekti xidmətlərinə inteqrasiya etmək üçün yarışa giriblər. Lakin bu transformasiya, istifadəçi razılaşmalarında edilən kiçik, amma mühüm dəyişikliklərin cəmiyyət arasında ciddi narahatlıqlar doğurmasına səbəb olur.

Valyuta.az xəbər verir ki, son günlərdə "WeTransfer"in Xidmət Şərtlərinə əlavə edilən "maşın öyrənməsi" ifadəsi bu cür narahatlıq doğuran hallardan biri olub. Bu dəyişiklik, istifadəçilərin yüklədiyi faylların süni intellekt modellərinin öyrədilməsi üçün istifadə edilə biləcəyi kimi başa düşüldü və geniş etiraza səbəb olub. Gərgin reaksiyalar fonunda "WeTransfer" həmin ifadəni rəsmi sənədlərdən çıxardığını açıqlayıb.

Şirkətin şərtlərində yer alan mübahisəli ifadəyə görə, istifadəçi faylları “maşın öyrənməsi modellərinin inkişafı da daxil olmaqla yeni texnologiyaların yaradılması və ticariləşdirilməsi” üçün istifadə oluna bilərdi. Şirkət bu bəndin, əsasən qanunsuz məzmunun aşkarlanması və nəzarəti məqsədilə süni intellekt istifadəsini nəzərdə tutduğunu iddia etsə də, bu açıqlama ictimaiyyəti razı salmayıb.

Sosial şəbəkə istifadəçilərindən biri narazılığını belə ifadə edib: “Həssas məzmunları təhlükəsiz şəkildə bölüşmək üçün bu platformanı seçirik. Bu dəyişiklik isə açıq şəkildə məxfilik hüququnun pozulmasıdır".

Xüsusilə “məzmununuz hər hansı şəkildə bizim tərəfimizdən istifadə edilsə belə, təzminat tələb edə bilməyəcəksiniz” ifadəsi ictimai qəzəbin əsas səbəblərindən biri olub.

Gələn reaksiyalardan sonra "WeTransfer" rəsmi açıqlama yayaraq bildirdi: “Hazırda bu cür bir sistem aktiv deyil, sadəcə potensial imkan olaraq dəyərləndirilirdi".

Şirkət eyni zamanda süni intellektin yaradıcı icmalar üçün nə qədər həssas bir məsələ olduğunu bildiklərini və bu qarışıqlığa səbəb olduqları üçün üzr istədiklərini qeyd edib.

İngiltərədə fəaliyyət göstərən bir texnologiya hüquq firmasının baş hüquqşünası Neil Braun izah edir ki, şirkətlər yeni xidmətlərini hüquqi baxımdan qoruma altına almaq üçün Xidmət Şərtlərinə bu cür ifadələr əlavə edirlər. Braun bildirir: "Əgər şirkət müəllif hüquqları kimi məsələlərdə əlavə hüquqlar tələb edən bir əməliyyat həyata keçirmək istəyirsə, bunu istifadəçi ilə bağladığı müqaviləyə daxil etməlidir".

Bəzi ölkələrdə istifadəçilər açıq şəkildə icazə verməsə də, platformaya məzmun yükləmək bu məzmunun texniki baxımdan işlənməsinə razılıq kimi qiymətləndirilə bilər. Braun bu halın, istifadəçi gözləntiləri ilə şirkət niyyətləri arasında uyğunsuzluğa yol aça biləcəyinə diqqət çəkir.

2023-cü ildə "Dropbox" da oxşar vəziyyətlə üzləşmişdi. Bir istifadəçi, "Dropbox"un faylları üçüncü tərəf süni intellekt xidmətləri ilə emal etdiyini iddia etmişdi. Şirkətin baş direktoru Dru Hjuston isə bu iddianı təkzib edərək bildirmişdi ki, bu xidmətlər yalnız istifadəçi süni intellekt xüsusiyyətlərini aktiv şəkildə istifadə etdikdə işə düşür.

Bəzi texnologiya ekspertləri isə bu müzakirədən daha irəli gedərək, fayl paylaşımından tamamilə imtina etməyi təklif edirlər. Açıq məlumat tərəfdarı Terens Eden hesab edir ki, məlumatlar artıq fayllarda deyil, düzgün qurulmuş verilənlər bazalarında saxlanmalıdır: “2025-ci ildə hələ də bir-birimizə fayl göndərməyimiz mənasızdır. Əgər həssas məlumat paylaşılacaqsa, düzgün giriş nəzarətinə malik platformalardan istifadə edilməlidir”.

Sonda qeyd olunmalıdır ki, texnologiya şirkətləri süni intellekti sistemlərinə inteqrasiya edərkən istifadəçi məlumatlarından necə istifadə etdikləri barədə daha şəffaf olmalıdırlar. Əks halda, tək bir cümlə belə istifadəçi bazasının itirilməsinə səbəb ola bilər.

Paşa Məmmədli
 

Seçilən
43
50
valyuta.az

10Mənbələr