"Əlilliyi olan şəxslərin çimərliklərdən istifadəsi ilə bağlı son illərdə müəyyən irəliləyişlər olsa da, hələ də ciddi çatışmazlıqlar var.
Bəzi özəl çimərliklərdə, xüsusilə Bakı və Abşeron ətrafında, əlil arabası ilə giriş üçün rampalar və düz yollar mövcuddur. Həmçinin bəzi hotellərin özəl çimərliklərində bu kateqoriyadan olan şəxslər üçün xüsusi zonalar, kölgəliklər və əlavə xidmətlər təqdim olunur. Dövlət səviyyəsində də inklüziv turizmin təşviqi istiqamətində layihələrə start verilib".
Bu fikirləri News24.az-a açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib.
Onun sözlərinə görə, buna baxmayaraq, ümumi mənzərə hələ də qənaətbəxş deyil: "Çoxsaylı ictimai çimərliklərdə əlil arabası ilə rahat giriş mümkün deyil. Mövcud tualet və duş kabinələri əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılmayıb. Bundan əlavə, xidmət personala bu şəxslərlə işləmək üzrə xüsusi təlim keçirilmir ki, bu da xidmət keyfiyyətinə birbaşa təsir göstərir. Nəqliyyat və dayanacaq məsələləri də əlçatanlıq baxımından ciddi çətinliklər yaradır”.
Ekspert bildirib ki, bütün bu məqamlar əlilliyi olan şəxslərin yay istirahətindən bərabər şəkildə yararlanması üçün daha çox diqqət və praktiki tədbirlərə ehtiyac olduğunu göstərir. O, ictimai məkanların hamı üçün əlçatan olması, sadəcə sosial məsuliyyət deyil, həm də insan hüquqları baxımından vacib tələb olduğunu vurğulayıb.
Xeyrənsə Piriyeva