AZ

Media savadlılığı: İnformasiya təhlükəsizliyinin təminatçısı

Xəbər verdiyimiz kimi, Şuşada keçirilən III Qlobal Media Forumu çərçivəsində media savadlılığının əhəmiyyəti bir daha diqqətə çatdırılıb.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev forumun “İnnovativ Yanaşmalar: Rəqəmsal Erada Media Savadlılığı” panelində çıxış edərək bildirib ki, ölkəmizdə media ilə sıx əməkdaşlıq mühiti formalaşıb və bu istiqamətdə maarifləndirmə işləri daha da gücləndirilməlidir.

O, xüsusilə sosial media platformalarında informasiya təhlükəsizliyi və media savadlılığının artırılmasının, xüsusilə uşaqlar və məktəblilər üçün prioritet olduğunu vurğulayıb.

“Bakı Xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, media savadlılığı, xüsusilə də sosial media savadlılığı bu gün istənilən cəmiyyət və dövlət üçün olduqca böyük əhəmiyyətə malikdir.

Onun sözlərinə görə, sosial media şəbəkələri hazırkı şəraitdə istənilən ölkənin informasiya məkanında müxtəlif məqsədlər üçün istifadə edilə və təxribat vasitəsinə çevrilə bilər:

“Müasir dövrdə media yalnız kommunikasiya vasitəsi deyil, media, xüsusilə sosial media eyni zamanda dövlətin təhlükəsizliyi, ictimai sabitliyi və informasiya məkanında balansın qorunması üçün vacib alətidir.

Belə bir şəraitdə cəmiyyətdə media savadlılığı mühüm ictimai-siyasi tələbata çevrilir. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Şuşada keçirilən media forumunda bu məsələyə xüsusi diqqət ayırması da məhz bu amillərlə bağlıdır. 

Xüsusilə də böyüməkdə olan gənc nəslin və uşaqların sosial mediada davranış qaydalarının formalaşdırılması, yeni sağlam ənənələrin yaradılması son dərəcə vacibdir. Çünki sosial media şəbəkələri hazırkı şəraitdə istənilən ölkənin informasiya məkanında müxtəlif məqsədlər üçün istifadə edilə bilər və bəzən təxribat vasitəsinə çevrilir.

Bu səbəbdən də Azərbaycan cəmiyyətində həmrəyliyin və birliyin qorunması, informasiya məkanının yad ideologiyaların təsirinə düşməsinin qarşısını almaq üçün ilk növbədə media və sosial media savadlılığının inkişaf etdirilməsinə ciddi ehtiyac var”.

Aydın Quliyev qeyd edib ki, cəmiyyət, sadə insanlar xüsusilə sosial mediada rast gəldikləri hər hansı informasiyanın təsiri altına düşməzdən əvvəl onun kimlər tərəfindən hazırlandığını və hansı auditoriyaya hesablandığının fərqinə varmalıdırlar:

“Media savadlılığı insanın informasiya ilə düzgün davranmağı, onu qəbul və təhlil etməyi, həmçinin yayılan informasiyanın hansı məqsədlə dövriyyəyə buraxıldığını müəyyənləşdirməyi öyrədir.

Cəmiyyətin üzvləri, xüsusilə də sosial şəbəkələrdə fəaliyyət göstərən vətəndaşlar hər hansı məlumata emosional reaksiya verməzdən öncə onun mənbəyini və məqsədini dərk etməyi bacarmalıdırlar.

Bu isə xüsusi bir bacarıq tələb edir. Bu sahədə həm təhsilin, həm də fərdi dünyagörüşünün rolu böyükdür. Təəssüf ki, bir çox hallarda insanlar informasiyanın məqsədini təhlil etməyə önəm vermirlər. Lakin bu vərdişin formalaşması üçün ciddi media savadlılığına ehtiyac var.

Media maarifləndirilməsi və media savadlılığının artırılması, xüsusilə də sosial şəbəkələrin sürətlə yayıldığı indiki dövrdə daha da aktuallaşıb. Bu baxımdan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin gənclər və uşaqlar arasında sosial media davranışlarının və savadlılığının inkişaf etdirilməsi ilə bağlı çağırışı zamanın tələbidir.

Əminəm ki, yaxın gələcəkdə dövlətin bu istiqamətdə xüsusi siyasəti və proqramı olacaq. Çünki sosial media savadlılığı təkcə informasiya məkanında maariflənmənin deyil, həm də informasiya təhlükəsizliyinin əsas təminatçılarından biridir”.

phrase_var_article.chosen
42
50
cebheinfo.az

10phrase_var_article.sources