AZ

Türkiyə və Azərbaycan prokurorluqları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 21-də Ankaraya səfəri çərçivəsində Türkiyə Respublikası Ali Məhkəməsi Baş Prokurorluğunun binasında olub.

Herbiand.az xəbər verir ki, Kamran Əliyev Türkiyənin Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk ilə görüşüb.

Müzakirələrdə ölkəmizin Ankaradakı səfiri Rəşad Məmmədov, iki qardaş ölkənin prokurorluq orqanlarının əməkdaşları iştirak ediblər.

M.Şentürk Azərbaycan nümayəndə heyətinin üzvlərini Türkiyə Ali Məhkəməsi Baş Prokurorluğunun arxiv fotostendi ilə tanış edib.

Görüşün yekunlarını jurnalistlərə şərh edən K.Əliyev iki qardaş ölkənin hüquq-mühafizə və məhkəmə strukturları arasında, o cümlədən kadr hazırlığı və təhsil sahəsində əməkdaşlığın daha da dərinləşəcəyinə əminliyini ifadə edib.

Baş prokuror Türkiyənin ədliyyə naziri Yılmaz Tunç və Ali Məhkəmənin sədri Ömer Kerkezlə görüşlərinin də nəzərdə tutulduğu budəfəki səfərin məhsuldar olacağına ümidvar olduğunu bildirib.

O vurğulayıb: “Azərbaycan və Türkiyənin hüquq-mühafizə və məhkəmə orqanları arasında intensiv əlaqələr və məhsuldar əməkdaşlıq qurulub. Biz iki ölkə arasında əlaqələri daha da dərinləşdirməyi hədəfləyirik. Hazırda dünyada gedən proseslər Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın vacibliyini təsdiqləyir”.

Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk iki ölkə arasında əməkdaşlığın əhəmiyyətindən danışıb. O, “Bir millət, iki dövlət” kəlamının işığında qardaş Azərbaycanla əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

“Türk dünyası ölkələri arasında Azərbaycan bizim üçün xüsusi yer tutur. Biz sıx əməkdaşlıq etməyə borcluyuq. Geosiyasi proseslər bizdən bunu tələb edir”, - deyən Baş prokuror 2024-cü ildə iki dəfə Bakıya səfər etdiyini xatırladıb.

Seçilən
42
24
herbiand.az

10Mənbələr