AZ

"Mətbuatımız milli ideyaların gerçəkləşməsinə mühüm töhfələr verir" - Millət vəkili yazır

Azərbaycan mətbuatı 150 illik tarixi ərzində şərəfli bir inkişaf yolu keçmiş, milli maraqları qoruyan əsas vasitələrdən birinə çevrilmişdir. Bu gün milli mətbuatımız yalnız ölkədaxili informasiya təminatçısı olmaqla kifayətlənməyib, həm də Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıran güclü informasiya platformasına çevrilmişdir.

Hər il 22 iyul tarixində ölkəmizdə Milli Mətbuat Günü qeyd olunur. Bu əlamətdar gün Azərbaycan mətbuatının ilk nümunəsi olan “Əkinçi” qəzetinin 1875-ci ilin məhz bu tarixində işıq üzü görməsi ilə bağlıdır. Görkəmli maarifçi və ictimai xadim Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan “Əkinçi” qəzeti milli şüurun oyanışı, xalqın maariflənməsi və ictimai-siyasi düşüncənin formalaşmasında mühüm rol oynamışdır.

“Əkinçi”dən sonra milli mətbuat dalğası genişlənmiş, “Ziya,” “Kəşkül,” “Həyat,” “Molla Nəsrəddin” kimi qəzet və jurnallar milli oyanışa, ədəbi dilin formalaşmasına, azərbaycançılıq ideologiyasının yayılmasına misilsiz töhfələr vermişdir. Sovet dövründə ideoloji nəzarətə baxmayaraq, ədəbiyyat və jurnalistika xalqın milli kimliyini qoruyub saxlamışdır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli mətbuat yeni mərhələyə qədəm qoydu. 1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar informasiya azadlığının təmin olunmasında mühüm rol oynadı. 1998-ci ildə ölkədə senzuranın tamamilə ləğv olunması demokratik inkişafa töhfə verdi. Bu mühüm qərar mətbuatın cəmiyyət həyatında daha fəal rol oynamasına şərait yaratdı. Mətbuat orqanlarının iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görüldü. Bütün bu addımlar nəticəsində Azərbaycanda plüralizmə əsaslanan, dinamik və çevik media mühiti formalaşdı.

Ulu Öndərin uzaqgörən siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin səyləri ilə müstəqil medianın iqtisadi və hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilmişdir. “Media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman əsasında yaradılan MEDİA Agentliyi media sektorunda keyfiyyətin artırılması, jurnalist peşəsinin nüfuzunun yüksəldilməsi, medianın rəqəmsal çağırışlara uyğunlaşdırılması sahəsində mühüm işlər görür. 2021-ci il dekabrın 30-da qəbul olunmuş “Media haqqında” Qanun media sahəsində hüquqi tənzimləmələrin müasir çağırışlara uyğunlaşdırılması və bu sahədə şəffaf, dayanıqlı idarəetmə modelinin formalaşdırılması baxımından mühüm dönüş nöqtəsi olmuşdur.

Bugünkü Azərbaycan mediası internet texnologiyalarının sürətli inkişafı ilə qlobal informasiya şəbəkəsinə inteqrasiya olunmuş, rəqəmsal jurnalistika, sosial media platformaları və onlayn xəbər portalları ilə mövqeyini möhkəmləndirmişdir. Mətbuatımız ölkə daxilində baş verən hadisələri dünyaya çatdırmaqla yanaşı, həm də ölkə həqiqətlərini beynəlxalq auditoriyaya təqdim etmək missiyasını uğurla yerinə yetirir.

Azərbaycan mətbuatı İkinci Qarabağ müharibəsi dövründə özünün ən şərəfli missiyalarından birini yerinə yetirdi. Mətbuat orqanlarımız və jurnalistlər ölkəmizin haqq səsini dünyaya çatdırmaq, düşmənin dezinformasiyalarını ifşa etmək, şanlı ordumuzun qəhrəmanlığını təbliğ etmək istiqamətində misilsiz fəaliyyət göstərdilər.

Prezident İlham Əliyevin 2025-ci ilin Azərbaycan Milli Mətbuatının 150 illiyinin keçirilməsi ilə bağlı Sərəncamı, habelə bu münasibətlə yubiley medalının təsis olunması dövlətin sözügedən sahəyə verdiyi qiymətin göstəricisidir.

Müasir çağırışlara cavab verən, azad, məsuliyyətli və güclü bir mətbuat ölkəmizin gələcəyinə xidmət edir. Bu sahəyə göstərilən dövlət qayğısı, qanunvericilik təşəbbüsləri və texnoloji yeniliklər mətbuatın daha da güclənməsinə zəmin yaradır.

Asif Əsgərov

Milli Məclisin deputatı

Seçilən
6
17
unikal.az

10Mənbələr