Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) tərəfindən Milli Mətbuatın 150 illiyi münasibətilə jurnalistlər arasında təşkil olunmuş yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
ASA-dan verilən məlumata görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev tədbiri giriş sözü ilə açaraq jurnalistləri həm Milli Mətbuatın 150 illiyi, həm də yazı müsabiqəsində əldə etdikləri nailiyyət münasibətilə təbrik edib gələcək fəaliyyətlərində uğurlar arzuladı. İcraçı ditektor öz çıxışında sığorta maarifləndirməsi və təbliğatı işində medianın əvəzsiz rolu və əhəmiyyətinə toxunaraq bunu yüksək qiymətləndirdiyini vurğuladı və mediaya bu dəstəyə görə səmimi təşəkkürlərini bildirdi.
“Kredit götürənlərin həyat riskləri sığorta təminatında” mövzusunda təşkil olunmuş bu yazı müsabiqəsinin mükafatlandırma mərasimində I, II və III yerlər üzrə qaliblərə xüsusi plaket və pul mükafatları, növbəti dörd yerin sahiblərinə sertifikat və pul mükafatları, digər üç yerin sahiblərinə isə qiymətli hədiyyələr təqdim olundu.
Yazı müsabiqəsində 1-ci yerə “APA” İnformasiya Agentliyinin iqtisadiyyat müxbiri Rahim Tarıverdiyev, 2-ci yerə “Report” İnformasiya Agentliyinin baş redaktor müavini İlahə Məmmədli, 3-cü yerə isə “Ena.az” xəbər portalının baş redaktoru İlhamə Abdullayeva layiq görülüb.
“İki sahil” qəzetinin iqtisadiyyat müxbiri Yaqut Ağaşahqızına, “Minval.az” xəbər saytının müxbiri Zarina Orucəliyevaya, “ATV” kanalının baş redaktoru Vəfa Şəhlayiyə və “Banco.az” xəbər portalının admin redaktoru Mehin Qasımovaya sertifikat və pul mükafatı, “Kommersant.az” maliyyə portalının direktoru Nərmin Qəniyə, “Qafqazinfo.az” xəbər agentliyinin müxbiri Zülfiyyə Quluyevaya və “Valyuta.az” xəbər portalının əməkdaşı Sərvanə Rəmixanovaya qiymətli hədiyyələr təqdim olundu.
Qeyd edək ki, bu yazı müsabiqəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində təşkil olunmuşdu.