AZ

Qara qızıl bahalaşır: Qiymətləri dəstəkləyən iqtisadi-siyasi amillər...

Cümə günü 69,97 dollara kimi bahalaşan Brent markalı neftin qiyməti günü 68,60 dollarla bağladı. 

Sitat.info xəbər verir ki, bu gün saat 9:30-a olan məlumata görə, Brent markalı neftin qiyməti bağlanış qiyməti ilə müqayisədə 0,05 faiz artaraq 68,64 dollar olub. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 66,04 dollara satılıb.

Neft qiymətləri ABŞ-da açıqlanan  iqtisadi artımla bağlı  məlumatlar və Avropanın Rusiyaya qarşı yeni sanksiyaları ilə dəstəklənir.

Dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-da iqtisadi perspektivə inamı gücləndirən məlumatlar qiymətləri yüksəldib. Cümə günü açıqlanan məlumatlara görə, Miçiqan Universitetinin istehlakçı güvəni indeksi iyul ayında gözləntiləri aşaraq 61,8-ə yüksəldi. Eyni dövrdə qısamüddətli inflyasiya gözləntiləri 5 faizdən 4,4 faizə, uzunmüddətli gözləntilər isə 4 faizdən 3,6 faizə düşüb.

İnflyasiyanın yavaşlaması ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz endirimlərini davam etdirəcəyi ilə bağlı gözləntiləri gücləndirib. Aşağı faiz mühitinin dolları zəiflədərək neftə tələbi artıracağı, bunun da öz növbəsində neft qiymətlərini dəstəkləyəcəyi gözlənilir.

Bu arada, Böyük Britaniyanın Aİ ilə koordinasiyalı şəkildə Rusiya neftinə tətbiq etdiyi qiymət məhdudiyyətlərini sərtləşdirməsi də qiymət artımına səbəb olub.

Böyük Britaniya Xarici İşlər Nazirliyi Rusiyanın enerji gəlirlərini hədəf alan yeni sanksiyaların iqtisadi təzyiqi artırmaq məqsədi daşıdığını açıqlayıb. Yeni qaydalara əsasən, Rusiya xam neftinin qiymət həddi 60 dollar/bareldən 47,6 dollara endirilib. Bu addımın Rusiya neftinin bazar dəyərini aşağı salmaqla Moskvanın gəlirlərini məhdudlaşdırmaq məqsədi daşıdığı bildirilir.

Sanksiyaların qlobal tədarükü poza biləcəyi ilə bağlı narahatlıqlar bazarlarda qiymət artımını dəstəkləyib. Brent nefti üçün qiymət texniki olaraq 70,47 dollar müqavimət, dəstək isə 65,82 dollar səviyyəsindədir.

Aytac,

Sitat.info

Seçilən
2
11
sitat.info

10Mənbələr