Çin dünyanın ən böyük hidroelektrik layihələrindən biri hesab edilən nəhəng Brahmaputra bəndinin tikintisinə başlayıb. Tibetdə, Hindistan sərhədindən bir neçə kilometr aralıda yerləşən bənd regionda gərginliyi artırıb.
Publika.az xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.
Təməli Ninqçi şəhərində qoyulan bənd layihəsi beş ayrı mərhələdən ibarət olacaq və ümumi investisiya dəyəri təxminən 167,8 milyard dollar baş tutacaq. Məlumata görə, bənd illik 300 milyard kilovat-saat elektrik enerjisi istehsal gücü ilə 300 milyondan çox insanı enerji ilə təmin edə biləcək.
Lakin anbarın yeri və ölçüsü Hindistan və Banqladeşdə ciddi narahatlıqlara səbəb olub. Brahmaputra çayının kənd təsərrüfatında, içməli suda və ekosistem tarazlığında mühüm rolunu nəzərə alaraq, bu ölkələr onun su axınını dəyişdirə və ekoloji fəlakətlərə səbəb ola biləcəyindən ehtiyat edirlər.
Xüsusilə Hindistan hesab edir ki, Çin gələcəkdə bəndi strateji silaha çevirərək, münaqişə vəziyyətində çayın axınına təsir edərək sərhədyanı bölgələri daşqın riskinə məruz qoya bilər. Çinin suya nəzarəti də regionda geosiyasi təzyiq vasitəsi hesab olunur.