"Putin, növbə sənə çatır, Tramp sənə yaxşı bir dərs vermək niyyətindədir..."
Bu həftə, iyulun 23-24-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında növbəti sülh danışıqları planlaşdırılıb.
Moderator.az xəbər verir ki, bu barədə "İndependent Türkçə" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, görüşün detalları gizli saxlanılsa da, bəzi mənbələr əsir mübadiləsi, humanitar yardımın təşkili, infrastruktur obyektlərinin qorunması, sərhədlərdə sabitlik və təhlükəsizlik tədbirlərinin müzakirə mövzusu olacağını güman edir. Təhlükəsizlik səbəbilə görüş qapalı formatda keçiriləcək, nəticələr isə yalnız rəsmi kanallarla açıqlanacaq.

Müharibənin sonu görünürmü?
Avstraliyalı hərbi ekspert, istefada olan general Mik Rayanın fikrincə, Vladimir Putin müharibəni artıq bu il bitirmək istəyir. Onun əsas arqumentləri belədir: Rusiya iqtisadiyyatı bu yükü daha daşıya bilmir; quru qoşunlarının keyfiyyəti kəskin şəkildə azalıb; ordu Şimali Koreya və Çindən asılı vəziyyətə düşüb; ABŞ-dan artan təzyiq Kremldə narahatlıq yaradıb. Ən diqqətçəkən məqam isə Putinin iyun ayında verdiyi bəyanatdır: 2025-ci ildən etibarən hərbi xərclərin azaldılması planlaşdırılır. Bu, Kreml üçün "sülhə hazırlıq siqnalı" kimi qiymətləndirilir.
Cəbhədə yavaş irəliləyiş və danışıqlara hazırlıq
Mik Rayan qeyd edir ki, Rusiya hazırda əldə etdiyi az ərazi uğurlarını danışıqlarda kozır kimi istifadə etməyə çalışır. Lakin bu uğurlar nə sürətli, nə də strateji baxımdan həlledicidir. "Putin mütləq masa arxasına əlində hansısa kozırla çıxmaq istəyir. Amma bu kozır cəmi bir neçə kvadrat kilometrdirsə, bu, sülh deyil, illüziyadır", - ekspert vurğulayır.
Tramp amilinin təsiri: yeni təzyiq dalğası
ABŞ senatoru Lindsi Qremin son bəyanatları müzakirələrin kontekstinə yeni bir dinamika qatıb. O bildirir ki, Tramp Putinlə "oynamaqdan bezib", Rusiya neftini alan Çin, Hindistan və Braziliyaya qarşı sərt rüsumlar tətbiq olunacaq, əgər bu ölkələr alış-verişi dayandırmasa, iqtisadi sistemləri hədəfə alınacaq. Senatorun sözləri ilə desək: "Putin, növbə sənə çatır. Tramp sənə yaxşı bir dərs vermək niyyətindədir".
Reallıq və illüziyalar arasında
Bütün bu cəhdlər - diplomatik görüşlər, hərbi təzyiqlər, iqtisadi siqnallar göstərir ki, müharibənin yeni mərhələsinə qədəm qoyuruq. Rusiya danışıqlara daha zəif, amma müəyyən təsir imici ilə gəlmək istəyir. Ukrayna isə həm sahədə, həm diplomatiyada fəal qalmaq məcburiyyətindədir. Əsas sual budur: Bu görüşlər real sülhə aparan yolun başlanğıcına çevriləcəkmi, yoxsa sadəcə zaman qazanmaq üçün növbəti oyun olacaq? Cavab yaxın günlərdə bilinəcək.