AZ

Yaşıl enerji kursu: Azərbaycan COP29-la yeni enerji erasına addımlayır

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanda ilin hadisəsi oldu və bu tədbirə Azərbaycana gələn insanların sayı onun əhəmiyyətini nümayiş etdirir.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan ekoloji dayanıqlılıq prinsiplərinə sadiqdir - ölkədə elektrik enerjisi yalnız təbii qaz və su ehtiyatları hesabına istehsal olunur.
"Bizim qlobal iqlim gündəliyinə verdiyimiz töhfəyə gəldikdə düşünürəm ki, Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir. Biz kömürdən istifadə etmirik. Biz elektrik enerjisini istehsal edirik. Biz hidroelektrik enerjisindən istifadə edirik. O cümlədən günəş enerjisinin istehsalına başlamışıq. Bizim bununla bağlı nəhəng enerji sərvətlərimiz var. Bizim artıq xeyli investisiya müqavilələrimiz imzalanıb”, - o qeyd edib.
Prezident İlham Əliyev, həmçinin əlavə edib ki, Azərbaycan karbon emissiyalarının ən böyük mənbəyi deyil. 
"Lakin müxtəlif iştirakçılar arasında dialoq və qarşılıqlı anlaşmanın qurulmasına yönəlmiş əsas gündəliyimiz, eləcə də səylərimiz BMT və bir çox beynəlxalq tərəfdaşlar tərəfindən yüksək qiymətləndirilib. Buna görə də biz bundan sonra da "yaşıl" gündəliyimizə sadiq qalacağıq. Emissiya həcminə görə reytinqdə 30-cu, 31-ci və 32-ci yerləri tutan ölkələrin necə hərəkət edəcəyi isə, əlbəttə ki, açıq sual olaraq qalır", - dövlət başçısı bildirib.

İqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Elşən Bağırzadə Sherg.az-a bildirib ki, COP29 kimi qlobal tədbirin ev sahibliyi Azərbaycanın iqlim siyasətinə dair öhdəliklərini dünya ictimaiyyətinə nümayiş etdirməsi baxımından əhəmiyyətli oldu:

“Bu, ölkənin etibarlı tərəfdaş imicini gücləndirərək xarici investorların diqqətini cəlb etdi. Azərbaycan hökuməti tədbir çərçivəsində Qarabağ, Zəngəzur və Xəzəryanı zonalarda yaşıl enerji zonaları elan etdi və burada günəş, külək, hidro və biokütlə layihələri üçün investisiya imkanlarını tanıtdı. Bunlar investorlar üçün maraqlı idi. Ayrıca BƏƏ, Səudiyyə Ərəbistanı, BP və ACWA Power kimi enerji nəhəngləri ilə konkret yaşıl enerji layihələri üzrə razılaşmalar imzalandı. Bu razılaşmalar həm texnologiya, həm kapital, həm də idarəetmə təcrübəsi baxımından əhəmiyyətlidir. Bildiyiniz kimi Qlobal maliyyə institutları və fondlar investisiya portfellərində karbonsuz layihələrə üstünlük verir. COP29 Azərbaycanda yaşıl layihələrin artdığını və dövlət tərəfindən dəstəkləndiyini nümayiş etdirdiyindən, bu fondlar üçün də maraqlı oldu. Bəs Yaşıl enerji layihələri Azərbaycana nə verəcək? Bildiyiniz kimi artıq Azərbaycanın fosil enerji istehsal imkanları, xüsusilə də neft istehsalı məhdudlaşır. Eyni zamanda bu tip enerji növlərinə olan təlabat da getdikcə azalır, çünkü hazırda dünyada ciddi bir yaşıl enerji hərəkatı var. Bu Azərbaycan iqtisadiyyatı üçün olduqca böyük bir çağırışdır”.

Ekspertin sözlərinə görə yaşıl enerji istehsalının artırılması və ixracı ilk növbədə ölkənin neft-qaz asılılığının azaldılması və ixrac gəlirlərinin diversifikasiyası baxımından əhəmiyyətlidir:
“İkincisi, bu sahədə xarici investorların və texnologiya təminatçılarının ölkəyə gəlməsi, ölkədə innovasiyanı və yerli bacarıqların inkişafını stimullaşdıra bilər. Üçüncüsü, xüsusilə Qarabağ və Zəngəzur kimi bölgələrdə yaşıl enerji layihələri regional iqtisadiyyatı canlandıra və yeni iş imkanları yarada bilər. Dördüncüsü, bu sahələrin inkişafı ölkədə havanın təmizlənməsi, torpağın qorunması və karbon emissiyalarının azalmasına töhfə verməklə uzunmüddətli sosial-iqtisadi faydalar verə bilər ki, bu da dayanıqlı inkişaf baxımından əhəmiyyətlidir. Beşincisi, gələcəkdə Azərbaycanın Avropa İttifaqı ilə enerji əməkdaşlığının davam etməsini təmin edə bilər. Bildiyiniz kimi Avropa İttifaqı ilə ticarətdə karbon sərhədi vergilərindən qorunmaq üçün yaşıl enerji inteqrasiyası vacib olacaqdır. Bu əməkdaşlıq ölkənin geosiyasi və geoiqtisadi mövqelərinin qorunub saxlanılması və inkişafı baxımından da çox əhəmiyyətli ola bilər. Risqlərə gəldikdə isə əsasən onu qeyd edə bilərəm ki, Azərbaycanın bu sahədə çox böyük bir təcrübəsi yoxdur, bu baxımdan həm texnoloji, həm kadr təminatı baxımdan xarici partnyorlardan asılılıq yarana bilər. Eyni zamanda da bu sahələr böyük məbləğdə maliyyə resursları tələb edir, bu resursların təminində və müvafiq infrastrukturun qurulmasında yaranacaq yetərsizliklər risq olaraq ortaya çıxa bilər. Ancaq bütövlükdə ölkə daxilində fosil mənşəli enerji istehlakının azaldılması və bu enerjinin əsasən ixraca yönəldilməsi, eyni zamanda da post-neft erası üçün yaşıl enerji ixrac potensialının formalaşdırılması strategiyasının doğru olduğu qənaətindəyəm. Biz ölkə olaraq bütün gücümüzü yükək əlavə dəyərə malik məhsulların istehsalı və ixracına yönəltməliyik. Bunlar arasında da ortaya çıxan məhsullardan biri məhz bu yaşıl enerji məhsullarıdır”.
Seçilən
13
7
sherg.az

10Mənbələr